Qadınların peşə, sosial və siyasi fəaliyyətdə iştirakına dair qeyd

Sovet siyasi xadimi Mixail Qorbaçov “Yenidənqurma” kitabında yazır:

“Çox vaxt qadına verilmiş azadlığın səviyyəsi cəmiyyətin siyasi-ictimai səviyyəsi ilə ölçülür. Sovet İttifaqında Çar Rusiyasında qadınlara qarşı hökm sürən ayrı-seçkilik qadağan edilmişdir. Ölkəmizdə kişilər kimi qadınlar da qanunla qorunan ictimai statusa sahibdirlər. Biz fəxr edirik ki, Sovet hökuməti qadınlara kişilərdə olduğu kimi işləmək və eyni məvacibi almaq, sosial təminat hüququ vermişdir. Qadınlara təhsil almaq, gələcəyini inşa etmək, ictimai-siyasi fəaliyyətlə məşğul olmaq üçün bütün imkanlar yaradılmışdır. Qadınların zəhməti və fədakarlığı olmasaydı, biz yeni cəmiyyət qura və faşizmə qalib gələ bilməzdik.

Lakin biz tariximizin qəhrəmanlıq dastanı yazan məşəqqətli illəri ərzində qadınların şəxsi hüquqlarına, ana və evdar qadını kimi oynadıqları roldan, həmçinin uşaqları tərbiyə vəzifəsindən irəli gələn tələbatlarına lazımi diqqəti ayıra bilməmişik. Qadınlarımız elmi fəaliyyətlə məşğul oldular, inşaat, istehsal, xidmət və yaradıcı sahələrdə işlədilər, amma ev işlərinə (ailəyə baxmaq, uşaqların qayğısına qalmaq…) vaxt ayıra bilmədilər.

Məlum olmuşdur ki, uşaq və gənclərimizin davranışında, mənəvi və yaradıcı həyatımızda özünü göstərən problemlərin çoxu, müəyyən dərəcədə, ailə münasibətlərində müşahidə olunan tənəzzüldən, ailədaxili məsuliyyətə laqeyd yanaşmadan irəli gəlir. Bu, hər şeydə kişilərlə qadınların bərabərliyini istəməyimizin nəticəsidir. İstəyimiz səmimi, həm də siyasi idi. İndi, Yenidənqurma mərhələsində bu vəziyyəti tənzimləməyə başlamışıq. Bu səbəbdən biz mətbuatda, ümumi qurumlarda, evdə və işdə, qadınların sırf qadınlıq vəzifəsinə geri qayıtmalarını asanlaşdırmaq üçün nələr edə biləcəyimizə dair qızğın polemikalara girişmişik”[1].

Burada qadınların qadınlıq vəzifəsinə geri qayıtması dedikdə onların sosial, peşə və siyasi fəaliyyətdən məhrum edilməsi nəzərdə tutulmur; əksinə, o nəzərdə tutulur ki, qadınların başlıca vəzifəsi ilə digər məşğuliyyətlər arasında uyğunluq yaradılmalıdır. Qadınların əsas vəzifəsi isə ailəyə baxmaq, uşaqlarının tərbiyəsi ilə məşğul olmaqdır.

Tərcümə etdi: Elvüsal Məmmədov

 

[1] M. Qorbaçov. Yenidənqurma, səh. 138.

 

Mənbə: /azerimuslims.com/

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB