Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş görüş keçirildi.

Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş görüş keçirildi. “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin davamlı layihəsi olan “Ziyalı ünsiyyəti” çərçivəsində fəlsəfə üzrə fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Mail Yaqubovla daha bir görüş keçirildi. Mail Yaqubovla birinci görüşdə iştirak edən 83 saylı orta məktəbin yuxarı sinif şagirdlərinin arzusu ilə təşkil edilmiş tədbir “Nizami Gəncəvi yaradıcılığında elm, maarif və təfəkkür” mövzusuna həsr olunmuşdu. Nizami yaradıcılığının dərin qatlarını gənc dinləyicilərin anlaya biləcəyi şəkildə açıqlayan Mail müəllim dahi şairin əsərlərində qoyulan mövzuların müasir dünyamızda da olduqca aktual olduğunu söylədi. Mail Yaqubov elmə, təfəkkürə, əxlaqa böyük önəm verən Nizami əsərlərində qadının yalnız zərif və gözəl məxluq kimi deyil, eyni zamanda, ağıllı və uzaqgörən şəxsiyyət kimi tərənnüm edildiyinə də diqqəti yönəltdi. Şagirdlərin coxlu sayda suallarını cavablandıran Mail Yaqubov sevdiyi müasir şairlərimizdən də mövzuya uyğun sitatlar gətirdi. Olduqca səmimi atmosferdə keçən görüşün sonunda xatirə şəkli çəkildi.

 

“Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması

İctimai Birliyinin mətbuat xidməti

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB