Əli Nağıyev “Ziyalı ünsiyyəti”nin qonağı oldu

“Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin davamlı layihəsi olan “Ziyalı ünsiyyəti”ndə növbəti qonaq həkim-psixoterapevt Əli Nağıyev idi. Tədbiri giriş sözü ilə açan “Aydınlığa doğru” İB sədri, telejurnalist Solmaz Əmirli “Ziyalı ünsiyyəti”nin tezliklə artıq yeddinci ilə qədəm qoyacağını qeyd etdi, bu illər ərzində layihə çərçivəsində bir sıra təqdimatların keçirildiyini, maraqlı şəxsiyyətlərlə, ziyalılarla yaddaqalan görüşlərin təşkil olunduğunu söylədi. Daha sonra söz Əli Nağıyevə verildi.
Qarşılıqlı ünsiyyət şəklində və olduqca səmimi keçən görüşdə müasir həyatımızdakı gərginliyin, stress və depressiyaların artma səbəblərindən danışıldı, mənəviyyatın deqradasiyasına gətirib çıxaran amillərdən söhbət açıldı. İnsanın yalnız bədəndən deyil, ruhdan və bədəndən ərsəyə gəldiyini vurğulayan Əli Nağıyev bədənimizin bizə ruhumuzu daşımaq üçün verilmiş bir əmanət olduğunu qeyd etdi, əksər xəstəliklərin, stress və depressiyaların əsas səbəbinin ruhu heçə sayıb, sadəcə bədənlə yaşamaq düşüncəsinin nəticəsi kimi ortaya çıxdığına diqqət çəkdi. 
Gənclərin suallarını cavablandıran doktor Nağıyev depressiyadan uzaq olmaq, ruhi düşkünlüyə məruz qalmamaq və bizə verilmiş həyat payını dolu-dolu yaşamaq, onu faydalı etmək üçün sağlam həyat tərzinin, düzgün qidalanmanın, idmanın önəminə diqqət çəkdi. Həkim-psixoterapevt bunlarla yanaşı, sağlam düşüncənin insan sağlamlığındakı rolunu qeyd etdi, bir çox xəstəliklərin əsas səbəbinin məhz düşüncəmizdə olduğunu söylədi. 
Görüşdə fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərov, Azərbaycan Respublikası “Təhsil” Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Taleh Şahməmmədov, əməkdar müəllim Səbinə Rəsulova, ictimai birliklərin nümayəndəlri və tələbə-gənclər iştirak edirdi. Tədbir iştirakçıları maraqlı görüş üçün təşkilatçılara və doktor Nağıyevə təşəkkür etdilər, belə görüşlərin daha tez-tez keçirilməsini xahiş etdilər. Görüşün sonunda xatirə şəkli çəkildi.

 

“Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması 
İctimai Birliyinin mətbuat xidməti.

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB