Gürcüstanda yaşayıb-yaradan tanınmış ziyalı – jurnalist, yazıçı, tərcüməçi, böyük vətənpərvər Emin- Elsevər Mahmudovla görüş

Aprelin 11-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Gürcüstanda yaşayıb-yaradan tanınmış ziyalı – jurnalist, yazıçı, tərcüməçi, böyük vətənpərvər Emin- Elsevər Mahmudovla görüş keçirildi. “Aydınlıga dogru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin “Ziyalı ünsiyyəti” çərçivəsində keçirdiyi görüş unudulmaz anlarla yadda qaldı. Tədbiri tanınmış telejurnalist, yazıçı-publisist Telli Pənahqızı açaraq Gürcüstanda yaşayan, uzun illər iki xalq arasında mənəvi körpülərin qorunub saxlanılmasında və inkişafında müstəsna xidmətləri olan dəyərli ziyalı Emin-Elsevər Mahmudovun həyat və yaradıclığından danışdı. 1940-cı ildə Gürcüstanın Başkeçid ( indiki Dmanisi) rayonunun Gəyliyən kəndində ziyalı ailəsində anadan olan Emin Elsever-Mahmudov1958-ci ildə Tiflis Dövlət Pedaqoji Universitetinin Azərbaycan bölməsinə qəbul olmuş, 1962-ci ildə təhsilini başa vuraraq Tiflisdə nəşr olunan “Kommunist” qəzetində əmək fəaliyyətinə başlamişdı. Ancaq jurnalistikaya olan sonsuz marağı və işlədiyi kollektivin tövsiyəsi ilə təhsilini Azərbaycan Dövlət Universitetinin yurnalistika fakultəsində davam etdirmiş, universiteti əla qiymətlərlə bitirmişdi. Emin Mahmudov 1967-ci ildən Gürcüstan Teleradiosunun nəzdində Azərbaycan dilində verilişlər redaksiyasında böyük Azərbaycan sevgisi ilə fəaliyyətə başlamış, Gürcüstanda yaşayan azərbaycanlılaraın həyatını işıqlandırmış, Azərbaycanla soydaşlarımız arasında ünsiyyət yaratmağa nail olmuşdur. Tədbirdə iştirak edən Xalq Şairi Zəlimxan Yaqub Emin Elsəvəri Gürcüstanda yaşayan azərbaycanlıların böyük qardaşı, işıqlı ziyalı, xalqın qiymətli oğlu kimi yüksək dəyərləndirdi. Görüşdə filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli Emin Elevərin həyat və yaradıcılığı barədə ətraflı məlumat verdi. Emin Elsevər Gürcüstanda radiooçerklər və oçerklər, hadisə yerlərindən birbaşa reportajlar, maraqlı müsahibələr, publisistik, elmi məqalələrlə yanaşı bədii yaradıcılıqla da ciddi məşğul olmuş, ilk hekayəsi 1962-ci ildə “Samqori” qəzetində çap olunmuşdur. 1990-cı ildə Tbilisinin “Merani” nəşriyyatında gürcü yazıçılarının hekayə və novellalarından ibarət “Ərməğan” adlı ilk tərcümə kitabı çapdan çıxmış, bundan sonra özünün hekayə, novella və xatirələrdən ibarət “Yadigar şəkil” kitabı çap olunmuşdur. Merab Beradzenin “Con (Malxaz) Şalikaşvili”, İlya Çavçavadzenin “Otaröyünün dul qadını” povestini, Cabua Amirecibininin məşhur “Data Tutaşxiya” tarixi romanını və nəhayət bu yaxınlarda 14 nəfər klassik və müasir gürcü nasirinin hekayə və povestlərindən ibarət “Gürcü hekayələri” adlı “Gürcü nəsri antologiyası” tərcümə kitabları işıq üzü görmüşdü. Emin Elsevər 2003-cü ildə Acarıstan Muxtar Respublikasına dəvət olunaraq Acarıstan Televiziyasında Azərbaycan dilində verilişlər redaksiyası yaratmış, bu ölkədə Azərbaycan dilində verilişlər təşkil edən ilk jurnalist olmuşdur. Görüşdə yazıçı-dramaturq Əli Əmirli, filologiya elmləri doktoru, professor Mədəd Çobanov, şair Mədəd Coşqun çıxış edərək Emin Mahmudovun çoxşahəli yaradıcılığından, özünəməxsus insani keyfiyyətlərindən, Vətəni, xalqı üçün gördüyü əvəzsiz xidmətlərindən danışdılar. “Borçalı” qəzetinin baş redaktoru, “Qafqaz-Media” İctimai Birliyinin rəhbəri Azadə Taleh Emin Elsevərə birliyin fəxri fərmanını təqdim etdi. Aydınlığa Doğru İctimai Birliyinin sədri, tanınmış telejurnalist Solmaz Əmirli mənəvi dəyərlərin qorunub saxlanılmasında və təbliğindəki təmənnasız xidmətlərinə görə ictimai birliyin mükafatını Emin Elevərə təqdim etdi. Görüşün sonunda Emin Elsevər Mahmudov tədbirin təşkilatçılarına və bütün iştirakçılara təşəkkürünü bildirdi. “Qan yaddaşı” adlı tarixi romanının son fəsillərini yazdığını deyən yazıçı mənalı ömür yaşadığını özü də etiraf etdi.

“Aydinliğa doğru “milli-mənəvi dəyərlərin qorunmasi ib-in mətbuat xidməti.

 

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB