Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova ilə müsahibəni diqqətinizə təqdim edirik

 Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova ilə müsahibəni diqqətinizə təqdim edirik:

  • -Rəfiqə xanım, cəbhədə baş vermiş son qarşıdurmanı və gənclərimizin torpaqlarımızın azad edilməsi uğrunda mübarizə  əzmini necə qiymətləndirirsiniz?

  • -Aprel ayının əvvəllərində  ordumuzun işğal olunmuş ərazidəki bəzi vacib yüksəklikləri geri alması torpaqlarımızın qaytarılması  uğrunda ədalətli  müharibəmizdə duşundürücü bir qələbədir. Bu həm  Ermənistanın bugünki siyasətçilərinə, həm də bir sıra  qərb siyasətçilərinə  ciddi mesajdır. Torpaqlarımızın azadlığı uğrunda canlarından  kecən qəhrəman oğullarımızın şücaəti və vətən sevgisi, sanki, bütun  xalqımıza bir daha ötürüldü. Son illər prezidentimız İlham Əliyevin apardığı balanslaşdırılmış  xarici siyasət nətıcəsində, Azərbaycan  gəncləri böyük inam və  ruh yüksəkliyi ilə torpaqlarımızın, nəyın bahasına olursa olsun, sonuna qədər azad edılməsı uğrunda mübarizəyə hazır olduqlarını nümayiş etdirdilər. Bu, çox qürurverici haldır. Mən, bir ziyalı kimi, bütün qəlbimlə inanıram ki, o böyük gün – qələbə günü uzaqda deyil.

- Hər bir cəmiyyət onun önündə gedən ziyalıların, kütlələri arxasınca aparan liderlərin sayəsində ayaqda durur. Lakin əslində cəmiyətin inkişafının təməlində sizin kimi hay-küy salmadan, sakitcə, vicdanla öz işini görən, gənc nəslə öz əməlləri və davranışı ilə nümunə olan, köməyə ehtiyac duyulduğu yerdə hər zaman təmənnasız olaraq əlindən gələni edən ziyalılar vardır - bu bizim düşüncələrimizdir. Rəfiqə xanım, bəs sizin üçün təmənnasızlıq nə deməkdir?

- Cəmiyyətin vətəndaşı deyəndə bu geniş və dərin məfhumun altında nəyi başa düşürük? Sözsüz ki, ancaq şəxsiyyət vəsiqəsində yazılan “azərbaycanlı” sözü ilə  qənaətlənməməliyik. Azərbaycan vətəndaşı bir “Mən” kimi çıxış edərək özünə qarşı məsuliyyətli, cəmiyyətə qarşı təmiz niyyətli olarsa, onun tam haqqı var ki, desin: “Mən - azərbaycanlıyam”. Yalnız belə olarsa, ümummili liderimiz, ulu öndər Heydər Əliyevin dediyi kimi, hər birimiz deyə bilərik: “Mən fəxr edirəm ki, azərbaycanliyam”.

Təmənnasızlıq insanın daxilindən süzülüb gələn təmənnasız niyyətlərdir ki, onları insan öz fəaliyyətində, cəmiyyətə yönələn xeyirxah işlərində göstərir. Başqa sözlə ifadə etsək, sahib olduğumuz peşədən, cəmiyyətdə tutduğumuz mövqeyimizdən asılı olmayaraq, tələb olunduğu yerdə gücümüz çatan hər xeyir işi qarşılıqsız olaraq və başqasına zərər vermədən yerinə yetirməliyik. Bunun əsasında yazılmamış əxlaq qanunlarını daxilimizdə, qəlbimizdə “yazmağı” bacarmaq dayanır.

- Siz cəmiyyətimizin müxtəlif sferalarındakı tədbir və müzakirələrdə öz sözünü deyən ziyalılarımızdansınız. Təşkilatımızın, yəni “Aydınlığa doğru”nun uzunmüddətli layihəsi olan “Ziyalı ünsiyyəti” sizin bilavasitə yaxından iştirakınız ilə baş tutub və indiyə qədər davam etməkdədir. Uzunillik elmi fəaliyətinizlə yanaşı ictimai fəaliyyətiniz də göz önündədir. Müəllifi olduğunuz elmi əsərlər ölkəmizin hüdudlarından çox uzaqlarda da artıq çap olunur. “İnsanşünaslıq XXI əsrin elmidir” adlı monoqrafiyanızın Nyu-Yorkda çap olunması sizin üçün xoş bir sürpiriz oldu hər halda, elə deyilmi? Bu barədə nə deyə bilərsiniz?

- Diqqətinizə görə cox sağ olun. Uzun illər boyu elmi fəaliyyətimlə  yanaşı,  içtimai həyatımızda da çalışmağı özümə borc bilmişəm. Düşünürəm ki, hər bir insan hansı peşədə çalışırsa çalışsın, fərq etməz, öz fəaliyyəti ilə təmənnasız, pozitiv, cəmiyyətin inkişafına yönəlmiş işlər görməli, xeyir gətirməlidir.  Əsrlər boyu  elm adamları  istər-istəməz zəmanənin  həm tarixini,  həm yaşadığı dövrünü  düşünərək iç dünyasından keçirmiş, bu haqda öz mülahizələrini və ideyalarını irəli sürməyə cəhd göstərmişlər. Sizin qeyd etdiyiniz “İnsanşünaslıq XXI əsrin elmidir” monoqrafiyası özündə həm tarix boyu, həm yaşadığımız zamanda ortaya çıxan düşüncələr və  problemlər haqdadır. Monaqrafiya özündə insanla bağlı fəlsəfi, psixoloji və təhsil problemlərinin bütöv bir elm olduğu ideyasını irəli sürür. Dövrün axarı mürəkkəbləşdikcə, dövrün çağırışları da əsasən insana yönəlir. Əgər bununla razılaşsaq, deməli  istər-istəməz insan  bu çağırışlara cavab  vermək üçün özünü daha dərindən dərk etməlidir. Özünüdərk bu gün  bəlkə də  problemlərin  problemidir. Zəmanənin həddən artıq sürətli olması insanı özünü dərk etməkdən uzaqlaşdırır. Məni bir tədqiqatçı kimi əsas düşündürən bu problemdir. İnsan problemi ilə Qərbin bir sıra sosioloq və psixoloqları da məşğuldur. Görünür, bu maraqdan irəli gələrək, 2015-ci ildə Nyu-York jurnallarının birində “İnsanşünaslıq XXI əsrin elmidir” adlı monoqrafiyam əsasında məqalə dərc olunmuş, daha sonra 2016-cı ildə Berlində beynəlxalq miqyaslı “Palmarium” nəşriyyatında bu monoqrafiya tam şəkildə nəşr olunmuşdur. Sözsüz ki, müasir cəmiyyətdə  yaşayan  hər bir alimi narahat edən  problemlərdən biri insan problemidir. Onun taleyi və gələcəyidir. 2015-ci ilin sonunda (4-6 dekabr) İstambul şəhərində türkdilli dövlətlərin sosioloqlarının konfransı keçirilmişdir. Bu konfrasın bir iştirakcısı kimi deyə bilərəm ki, konfransda əsas problemlərdən biri müasir cəmiyyətdə insanın həyat tərzi və orada yaşanan problemlər idi.

-Rəfiqə xanım, insan demişkən, VƏTƏN insana - bizə nə üçün verilib, nə üçün onu qorumağa can atırıq... əgər onun parçası olan küçələrimizi təmiz saxlamayırıqsa...?! Ayaq basdığımız hər qarış vətən torpağımızın bir parçasıdır. Vətən torpağı buradan - qapımızın önündən, hər gün yeridiyimiz küçədən başlayır. Fərdiyyətçilik bu qədərmi canımıza-qanımıza işləyib?! Mənzilimizin qapısından, həyətimizin darvazasından içərini gülüstana çevirir, üzərinə toz qonmağa qoymuruq, lakin... bayırdakı küçənin nə halda olduğu bizi heç maraqlandırmır. Ailəmi günahkardır? Məktəbmi? Yoxsa sözün əsl mənasında küçə mədəniyyətinə sahib olmamağımız?! Və ictimai qınağın olmaması, sizin fikrinizcə, bu məsələdə nə dərəcədə rol oynayır?

-Siz düz  qeyd etdiniz: Vətən qapımızın kəndarından başlayır. Vətən duyğusu genetık  olaraq bizim düşüncələrimizə sirayət edir. Küçə mədəniyyəti özü-özündən yaranmır. Küçə mədəniyyəti iç mədəniyyətinin davamıdır. İç mədəniyyətinin formalaşması isə ailənin davranış  qaydalarından, yazılmamış qanunların gündəlik vərdişə  çevrilməsindən asılıdır. Günümüzdə bu məsələlərin həll olunması təxirəsalınmaz zəruriyyətdir. Bu zəruriyyətin həyata keçməsində ailələrlə yanaşı məktəblərin də  müqayisə olunmaz rolu var. Doğrudur, uşaq ailədə dünyaya gəlir, ilk tərbiyəsini ailədə alır. Lakin məktəblər təlimlə yanaşı tərbiyə işi ilə də ciddi məşğul olmalıdırlar. Sirr deyil ki, dünyaya uşaq gətirən anaların heç də hamısı kifayət qədər elmli, təhsilli və geniş dünyagörüşlü deyidirlər. Deməli, bu zaman burada olan boşluğu məktəb doldurmalıdır. Eləcə də tərbiyə sahəsində. Əxlaqi-etik normaları yetərincə bilməyən, ictimai davranış qaydalarını gözardı edən analar da az deyildir. Məktəb belə ailələrdən gələn uşaqlarla xüsusi iş aparmalı, onların gözəl əxlaqlı vətəndaş kimi yetişməsində öz öhdəsinə düşəni etməlidir. İctimai qınağa gəlincə... Düşünürəm, küçədə və digər ictimai yerlərdə gördüyümüz mənfi davranışların bir səbəbi də elə ictimai qınağın olmamasıdır. Nə üçünsə insanlarımız pis davranışa görə başqasına irad tutmağa çəkinirlər. Belə olmaz... Bizi mənfiliyə sürükləyən bu “xoşgörənlikdən” artıq əl çəkməliyik. Lazım olan yerdə gözəl şəkildə irad söyləməyi bacarmalıyıq.  

-Rəfiqə xanım, maraqlı müsahibə üçün sizə təşəkkür edirik, elmi və ictimai fəaliyyətinizdə  uğurlar arzulayırıq. 

 

                                                                   “Aydınlığa doğru” İctimai Birliyi

 

 

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB