Qurana görə ailənin məqsədləri

Sağlam ailə ənənəsi uşaqlara bəzən məktəblərdə öyrədilməyən əxlaq dəyərlərini gücləndirir.

Ailə həyatı ailənin sağlam məqsədlərini müəyyənləşdirilməsinə əsaslanır. Məqsəd təkcə uşaq dünyaya gətirməklə məhdudlaşmır. Təkcə bəşər nəsli tükənməsin deyə uşaq dünyaya gətirmirik. Ailə üçün ailəni qoruyub saxlamağın mənası yoxdur. Odur ki ailənin məqsədi özünü qoruyub saxlamaqdan daha alidir. Allah Təala buyurur:

“Ey insanlar, siz tək bir kəsdən yaradan, ondan zövcəsini xəlq edən, onlardan da çoxlu kişi və qadın törədən rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz, Allah sizin üzərinizdə gözətçidir” (ən-Nisa, 1).

İnsan tək bir kəsdən yaradılmış, ondan da zövcəsi xəlq edilmişdir. Onlardan isə bir çox qadın və kişi törəmişdir. Ayə tək formada olsa da, məsələnin (prosesin) özü cəm formada vurğulanmışdır:

“Allah sizin üçün özünüzdən (Adəm və Həvvadan, yaxud öz cinsinizdən) zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün oğullar, nəvələr əmələ gətirdi, pak (halal) nemətlərindən sizə ruzi verdi. Belə olduqda, onlar (müşriklər) batilə inanıb Allahın nemətini inkarmı edirlər?” (ən-Nəhl, 72).

Aşağıdakı ayədə göstərilir ki, insan yer üzündə müəyyən rolu oynamaq üçün yaradılmışdır:

“(Ya rəsulum!) Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, – dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?” – söylədilər. (Allah onlara: ) “ Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu” (əl-Bəqərə, 30).

Ayədə hər bir insanın bu dünyadakı vəzifəsi göstərilib: xəlifə olmaq! Bir xəlifə olaraq insanın vəzifəsi yer üzünü abadlaşdırmaqdır, ədaləti bərqərar etməkdir. Quran xatırladır ki, həyat imtahandır, insan ancaq Allaha ibadət etmək üçün yaradılıb:

“Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratmışam” (əz-Zariyat, 56).

Beləliklə, ailənin məqsədləri ibarətdir: Allaha ibadət etmək, xəlifə olmaq, Allahın verdiyi ruzi və nemətlərə razılıq etmək, qohumluq əlaqələrini qoruyub saxlamaq, haqlara riayət etmək. Allah Təala aşağıdakı ayədə əmin-amanlığa (dinclik, sakitlik), sevgi və şəfqətə əsaslanan evlilik münasibətləri haqda danışır:

“Sizin üçün onlarda sakitlik tapasınız deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” (ər-Rum, 21).

Sevgi ailədə hər nə qədər ali yerə malik olsa da, həyatda belə deyildir. Çünki Rəhmət, Ədalət və Salam adlarına sahib Allah və Peyğəmbər sevgisi daha üstündür:

“(Ya rəsulum!) De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, peyğəmbərindən və Allah yolunda cihaddan daha sevimlidirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!” (ət-Tövbə, 24).

Allah sevgisi

Peyğəmbər sevgisi

Ana sevgisi

Ata sevgisi

Özünü sevmək

Güc (hökmranlıq) sevgisi

Var-dövlət sevgisi

Qohum-əqrəba, qonşu… sevgisi

Sevginin əsasında Yaradıcını sevmək dayanır. Xaliqi sevmək ən ali sevgi formasıdır. İnsan valideynləri və qohumlarını, ona pislik etsələr də, sevir. Çünki bu sevgini Allah Təalaya olan sevgisi doğurur. O Allaha ki, pislik etsələr də, bəndələrinə hey nemət bəxş edir. Ailədəki sevgi Quranda belə izah olunur:

“(Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!” (ən-Nisa, 1);

“Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur” (əl-İsra, 23).

Qayğı və sevgidə ana atadan əvvəl gəlir. Əvvəlcə onun qayğısına qalmaq lazımdır. Bir dəfə bir kişi gələrək Peyğəmbərdən (Ona Allahın xeyir-duası və salamı olsun!) soruşdu:

– Ey Allahın rəsulu, kimə daha çox qayğı göstərib yaxşılıq edim?

– Anana.

– Sonra kimə?

– Anana.

– Sonra kimə?

– Anana.

– Bəs sonra kimə?

– Atana (Buxari).

Rəhmanın qulları iki şeyə ümid edirlər: xoşbəxt ailə həyatı və müttəqilərə imam olmaq.

“Və o kəslər ki: “Ey rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et!” – deyirlər” (əl-Furqan, 74).

Yuxarıdakı ayədə izah olunur ki, ailədəki hər kəsin (baba-nənələrin, valideynlərin, uşaqlar və nəvələrin) məqsədi xoşbəxtlik, sevinc və dinclikdir. Əməlisaleh liderlər tərbiyə etmək isə ikinci məqsədi əmələ gətirir. Bu iki məqsədə övladları xoşbəxtliyin başlıca prinsipləri əsasında tərbiyə etməklə çatmaq mümkündür. Bu prinsiplərə dürüstlük, Allaha ibadət, yer üzünü abadlaşdırma, Allaha və peyğəmbərlərə sevgi daxildir. Sözügedən prinsiplərə etinasızlıq ailəni xoşbəxtlikdən məhrum edir.

Görəndə ki, övladları düzgün davranır və həyatdakı məqsədlərinə uyğun hərəkət edirlər, valideynlər tərbiyədən zövq alırlar.

Bu prinsipləri qavrayın, onlara əməl edin və müxtəlif inkişaf mərhələləri boyu onları övladlarınıza izah edin. Bununla da, övladlarınıza üstün keyfiyyət və xeyirxahlıq dəyərləri aşılamış olacaqsınız. Əgər uşaq böyüdükdən sonra Allahı unudarsa, vaxt gələcək daxili aləmində iman toxumu cücərib meyvə verəcəkdir. Elə isə ana öz övladına süd verərkən ona həm də “saf iman” əmizdirməlidir. Çünki bu addım əxlaqlı şəxsiyyətin əsasını qoyur, başlanğıcdan dərhal sonra uşağın prioritetlərini müəyyənləşdirir. Düzgün bünövrə ətrafdakı şirnikləşdiricilər qarşısında uşağın “immunitet”ini gücləndirir. Çünki cəmiyyəti qorumaq üçün ancaq xarici “polis”ə etimad göstərmək kifayət deyildir. Cəmiyyəti ən aktiv şəkildə qoruyan mexanizm uşaqlara aşınan dəyərlər sistemi və əxlaqdır. Həmçinin övladlarımız özlərinə hörmət edərsə, özlərinə nəzarət etməyi bacararlarsa, cəmiyyət qorunar. Valideynlər erkən mərhələdə övladlarına iman, sədaqət və şəfqət aşılamaqla onların ilahi vəhyin hikmətlərindən istifadə etmələrinə şərait yaratmalıdırlar.

 

Tərcümə etdi: Elvüsal Məmmədov

Mənbə: /azerimuslims/

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB