Peyğəmbərimizin Yaşadığı Dövrdə Qadın

İslam zühur etdiyi vaxtlarda Ərəbistan yarımadasında yaşayan insanların əksəriyyəti “ümmi” idi, yəni oxuma, yazma bilmirdilər. Qurani-Kərimdə və tarixi qaynaqlarda İslamaqədərki dövr Ərəb cəmiyyətində oxuma yazma bilməyən, elm və təhsili olmayan savadsız insanların mövcudluğu haqqında geniş məlumatlar vardır. İslamaqədərki dövrün Ərəbistan yarımadasında Cahiliyyə dövrü adlandırılmasında əsas səbəblərindən biri kimi savadsızlığın göstərilməsi də təsadüfi deyildir. Buna görədir ki, İslam nazil olduğu andan etibarən, savadsızlıqla, cəhalətlə, maarifsizliklə mübarizə aparmış və onun bu sahədə ortaya qoyduğu köklü prinsiplər nəticəsində və qısa müddət ərzində İslam sadəcə bir din kimi deyil, eyni zamanda bir mədəniyyət kimi də dünya sivilizasiyasına böyük töhfələr vermişdir. Cahiliyyə dövrü ərəblərinin danışdığı Ərəb dili isə dünya elminin və mədəniyyətinin beynəlmiləl maarifçi və elmi dilinə çevrilmişdir.

Bir dinin və millətin maarif sisteminin, onun davamlı olmağının əsaslı təminatçısı olduğunu bilən və bu istiqamətdə köklü reformlar aparan İslam Peyğəmbəri haqqında Quranı-Kərimin bir çox yerində “yuallimu” – “öyrədir” sözü istifadə edilmişdir. Bu ayələrdən eyni zamanda bir müəllim olaraq göndərildiyini öyrəndiyimiz Rəsulullahın (sallallahu aleyhi və səlləm) dediyi sözlər də böyük əhəmiyyət daşıyır: “Allah məni müəllim (öyrədici) olaraq göndərdi.“[1]

Elmin əldə edilməsinin hər bir müsəlman kişi və qadına vacib buyrulması isə məsələyə daha məsuliyyətli yanaşmağı zəruri edir. Xüsusilə də qadınların savadlanması, təhsil almaları, elm öyrənmələri hər zaman olduğu kimi günümüzdə də öz aktuallığını qoruyur. İlk növbədə qadın evinin sahibəsi, ona əmanət edilən övladlarının ən əsas tərbiyəçisidir. Bunun üçün qadın elm öyrənməli, təhsil almalıdır ki, uşaqlarına yaxşı təlim-tərbiyə versin. Rəsuli-Əkrəm (sallallahu aleyhi və səlləm) də qadınları, təhsil almaları, elm öyrənmələri üçün həvəsləndirmiş və onlara bunu tövsiyə etmişdir. Rəsulullah (sallallahu aleyhi və səlləm) dövründə müsəlman qadınlar dinlərini ondan öyrənirdilər. Bu hadisə ilə bağlı Peyğəmbərimizin xanımı, möminlərin anası Aişə Binti Əbu Bəkir (radiyallahu anhə) belə söyləmişdi: “Ənsar qadınları nə yaxşı qadınlardır. Utancaq olmaları dinlərini öyrənmələrinə mane olmamışdır.”[2]

Quranı-Kərimdə Peyğəmbər xanımlarına, nəticə etibarilə isə mömin qadınlara təhsil və təlimlə məşğul olmalarını əmr edilmişdir: “Allahın evlərinizdə oxunan ayələrini (Quranı) və hikməti (Peyğəmbərin qoyduğu qayda-qanunu) xatırlayın. Allah (möminlərə) lütfkardır, (bəndələrinin bütün əməllərindən) xəbərdardır!”[3]

Rəsulullah (sallallahu aleyhi və səlləm) dövründə elmə əhəmiyyət verən qadınlardan biri də onun xanımı və möminlərin anası Əbu Bəkrin qızı Aişə (radiyallahu anhə) idi. O bilmədiyi bir şeyi gördüyü zaman dərhal onu öyrənməyə çalışan bir qadın olmuşdur. Aişə (radiyallahu anhə) İslam Peyğəmbərindən 2210 hədis rəvayət etmişdir. Bundan başqa Peyğəmbərimizin qızı Fatima (radiyallahu anhə), yenə I Raşidi xəlifə Əbu Bəkirin (radiyallahu anhu) qızı Əsma (Həzrəti Aişənin bacısı) dini məsələlərdə müxtəlif görüşlər bəyan edərək fətvalar verməklə tanınan xanım səhabələr arasında idi. Səhabələr arasında kifayət qədər çoxlu qadın hüquqçular da olmuşdur.[4]

İslam dini kişi ilə qadın arasında fərq qoymayıb, sadəcə bilənlərlə bilməyənlər arasında fərq qoyur. İlk əmri“Oxu”[5] şəklində gələn Qurani-Kərimdə; “De ki, heç bilənlərlə bilməyənlər bir olarmı?”[6], “Rəbbim! Elmimi artır, de.”[7] buyurulur.

Rəsulullah (sallallahu aleyhi və səlləm) bir hədisində isə belə demişdir: “Elm öyrənmək, hər bir müsəlmana fərzdir”[8]. Göründüyü kimi həm ayədə, həm də hədisi şərifdə sözlər cəmiyyəti ifadə edəcək şəkildə istifadə edilmiş, qadın kişi ayrı seçkiliyi edilməmişdir. Qurani-Kərimin Rəsulullaha (sallallahu aleyhi və səlləm) nazil olan ilk ayələrində belə buyurulur: “Yaradan Rəbbinin adıyla oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.”[9] İlahi vəhyin ilk ayəsinin oxu sözü başlaması və növbəti ayələrdə Allah Təalanın qələm sözündən istifadə etməsi və bilmədiklərini öğrətdiyini söyləməsi çox əhəmiyyətlidir.

Hədis qaynaqlarında qeyd olunan bu hadisə isə İslam Peyğəmbərinin qadınların təhsilinə nə qədər əhəmiyyət verdiyini göstərir: “Ənsar qadınlarından olan Zeyd qızı Ümmü Kəsr, bacısı ilə birlikdə Rəsulullahın (sallallahu aleyhi və səlləm) yanına gəlir. Ümmü Kəsr bacısının Peyğəmbərdən bir şey soruşmaq istədiyini, fəqət utandığını deyir. Bunun üzərinə Rəsulullah (sallallahu aleyhi və səlləm) belə deyir: “Soruşacağın şeyləri soruş. Çünki elm öyrənmək üçün cəhd göstərmək fərzdir.”[10]

Bədir müharibəsində əsir edilən müşriklərin müsəlmanlara oxuma – yazma öyrətmə qaşılığında əsirlikdən qurtulmaları da bu dövrdə elmə verilən dəyərin nə qədər mühüm olduğunu göstərir. Hətta İslamın ilk illərində müşrik müsəlman ayrıseçkiliyi edilmədən, oxuma-yazma bilən bəzi müşriklərin, savadı olmayan müsəlmanlara müəllimlik edilməsinə belə təşviq edilmişdir. Abdullah əl-Adəvinin qızı Şəfa, Rəsulullahın (sallallahu aleyhi və səlləm) xanımı, möminlərin anası Ömərin qızı Hafsaya (radiyallahu anhə) oxuma – yazma öyrətmişdir.

Qaynaqlarda Rəsulullahın (sallallahu aleyhi və səlləm), qadınların suallarını cavablandırmaq, onların təlim və tədrisi üçün xüsusi bir vaxt ayırdığı haqqında mühüm məlumatlar mövcuddur. O, təbliğ vəzifəsini öz yaxınlarından, qohumlarından başladığı kimi, təhsil və tədrisə də qohumlarından və öz xanımından başılamışdır. İslam Peyğəmbəri ilk olaraq xanımı Xədicə Binti Xuveylidə dəstəmaz almağı və namaz qılmağı öyrətmişdir. Rəsulullah (sallallahu aleyhi və səlləm) səhər namazının sünnəsini yerinə yetirdikdən sonra xanımı Aişə (radiyallahu anhə) ilə danışar, ona yeni məlumatlar öyrədərdi. Digər bir xanımı olan Ümmü Sələmə (radiyallahu anhə) anlaya bilmədiyi mövzuları Perğəmbərdən öyrənərdi. Onun bəzi mövzularda Aişə binti Əbu Bəkirdən daha məlumatlı olduğu deyilir. Rəsulullahın (sallallahu aleyhi və səlləm) Ümmü Sələməyə azandan sonra oxunacaq duanı öyrətməsi mənbələrdə qeyd olunur. Bundan başqa, Rəsulullah (sallallahu aleyhi və səlləm) Cəfər b. Əbi Talibin xanımı Əsma bint Umeysə çətin və məşəqqətli zamanlarında oxuya biləcəyi bir dua öyrətmişdir.[11]

Qurani – Kərimin bir ayəsində belə buyurulur: “Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır..” [12]

Uca yaradıcı olan Allah Təala və onun Peyğəmbəri təhsil və tədrisdə qadın kişi ayrıseçkiliyi etməmişlərdir. Cahil olan qadının səhv etməsi daha asandır. Təhsilli və mədəni qadın cəmiyyətə və insanlığa daha faydalıdır. Qadın, aldığı məlumatları uşaqları və əri ilə paylaşır. Qadın məlumatsız olduğu zaman uşaqlarına hətta nəvələrinə belə zərəri toxuna bilər. Bu səbəblə “Kişilərə tərbiyə vermək kölgə verən ağac əkməkdirsə; qadınlara tərbiyə vermək, həm kölgə həm də meyvə verən ağac əkməkdir” deyilmişdir.

İslam Peyğəmbərinin yaşadığı dövrdə qadınların ictimai həyatına baxıldığı zaman onların, cəmiyyətdən təcrid edilmədiyini görürük. Həyatın hər sahəsində və cəmiyyətdə gedən prosseslərin hər bir mərhələsində qadınları müşahidə etmək mümkündür. Qadınların döyüş zamanı meydanda olduqlarını, ticariət işlərilə məşğul olduqlarını, həkimlik, tibb bacılığı etdiklərini, dəri emalı işlərində işlədiklərini görməkdəyik. Uhud döyüşü zamanı çətinliklə qarşılaşan əksər döyüşçülərin ortalığı tərk etdiyi zamandqa, Aişə Binti Əbu Bəkir və Ümmu Süleym su tuluqlarıyla su daşıyaraq, yaralılara su vermişdirlər. Ümmü Ümarə, Uhud döyüşündə kişilərlə çiyin-çiyinə döyüşmüşdür. Rəsulullah (sallallahu aleyhi və səlləm) onun haqqında belə demişdir: “Uhud döyüşündə sağıma və soluma döndükcə yanımda Ümmü Ümarənin vuruşduğunu görürdüm”.[13]

O dövrlərdə qadınlar üçün çox əhəmiyyətli bir peşənin də dərzilik olduğu müşahidə edilir. Rəsulullah (sallallahu aleyhi və səlləm) dövründə Ərəbistan yarmadasında qadınların ip emal edib, parçalar hazırlayaraq paltar tikdikləri görülür. Aişə Binti Əbu Bəkir (radiyallahu anhə) belə buyurur: “Qadının əlindəki ip əyirmə aləti, Allah yolundakı mücahidin əlindəki mizraqdan daha gözəldir”.[14]

Qadınların Peyğəmbər dövründə meydana gələn müharibələrdə əhəmiyyətli tibbi xidmətləri olduqları bilinən bir həqiqətdir. İslam tarixinin ilk xəstəxanası deyə biləcəyimiz çadırın Mədinədəki Peyğəmbər məscidində olduğu qeyd edilir. Orada Bəni Əsləm qəbiləsindən olan Quaybə Binti Səidin xəstələri və yaralıları müalicə etdiyi bilinir. Cəfər b. Əbi Talibin xanımı Əsma Binti Ümeysin yaxşı bir həkim olduğu haqqında da məlumatlar vardır. Ümmü Sələmə (radiyallahu anhə), Əsma binti Ümeysin “Hindistan və Yəməndən gətirilən bitkilər və zeytun yağı ilə Rəsulullaha (sallallahu aleyhi və səlləm) dərman düzəltdiyini” söyləyir.[15]

İslam dininə görə ev işləri qadına, çöl işləri isə kişiyə aiddir. Yəni evin dolanışığını kişi qarşılamalıdır. Kişi, xanımı daxil evin bütün fərdlərinin geyimini, yeməyini, içməyini qarşılamalıdır. Qadın evinin dolanışığı üçün çöldə işləməyə məcbur edilə bilməz. Hətta bəzi alimlərə görə ər xanımına evinin işlərini görməyə belə məcbur edə bilməz. Qadın öz razılığı olmadan, yemək bişirmək, ev süpürmək kimi ev işlərini etməyə hüquqi cəhətdən məcbur edilə bilməz. Qadın bunu edirsə ərinə bir lütf, xoş bir münasibət olaraq edir.[16]Lakin uşağın tərbiyəsi valideynlərə aid olduğu üçün və ümumiyyətlə evdə də ən çox qadın olduğu üçün, uşağın tərbiyəsi qadının üzərinə düşür. Uşağının tərbiyəsi ilə məşğul bir ana çöldəki işləri qalsın, hətta ev işlərini belə görməyə bilər. Çöldə işləyən bir ananın da uşağına lazım olan qayğını və tərbiyəni göstərə bilməyəcəyi açıqdır. Bunun üçün də İslam dini qadının uşağını yaxşı tərbiyə edib, şəfqət göstərə bilməsi üçün, evin xaricində işləməsini yaxşı qarşılamır.[17] Bununla birlikdə zərurət olduğu halda qadının işləməsinə maneə çıxarılmır. Belə ki, İslam hüququnda zərurətlər, qadağaları icazəli hala gətirir. Lakin unutmamaq lazımdır ki, dinin qoymuş olduğu əmrlərə riayət etmək çox mühüm məsələdir. İslamın əmrlərinə və həssasiyyətlərinə uyğun bir şəkildə iş tapan qadın əlbəttə ki, bu işlərdə işləyə bilər.[18]

Qadınların ailə dolanışığına töhfə vermək üçün bu hədisi misal olaraq göstərə bilərik; “Abdullah b. Məsudun xanımı Raita Xatun əl sənətlərində mahir bir qadın idi. Qazandığını ailəsinə xərcləyirdi. Özü izah edir: İbn Məsuda dedim ki: Sən və oğlum məni Allah yolunda sədəqə verməkdən saxlayırsınız. Həm sizə xərcləməyə, həm də sədəqə verməyə qazancım çatmır. Mən sədəqə vermək istəyirəm nə edim? Abdullah İbn Məsud: Bu xərcləmədə sənin üçün bir əcr varmı, yoxmu bilmirəm, dedi. Mən də gedib Rəsulullahdan (sallallahu aleyhi və səlləm) soruşdum: “Ey Allahın Rəsulu! Mən sənətkar bir qadınam, bir şeylər düzəldib satıram. Qazandığımı da ərim və uşağım üçün xərcləyirəm. Bunları xərcləmək məni sədəqə verməkdən saxlayır. İnfaq etməyə imkanım qalmır. Görəsən ailəm üçün xərclədiklərimdən ötəri mənə bir əcr və mükafat varmı? Rəsulullah (sallallahu aleyhi və səlləm) verdiyim sualı belə cavablandırdı: “Bəli onlar üçün xərcləməyə davam et. Çünki onlar üçün hər nə xərcləsən sənə əcr və savab vardır.”[19]

Bundan başqa Rəsulullahın (sallallahu aleyhi və səlləm) bir digər xanımı Zeynəb bint Cahş da dəri işləmə sənətində mahir usta idi. O bu işlə yığdığı pulu Allah yolunda xərcləyirdi. Onun bu işinə də bir həyat yoldaşı kimi Rəsulullah (sallallahu aleyhi və səlləm) mane olmamışdır.[20]

Bütün burada deyilənlərə əlavə olaraq qeyd etmək istərdik ki, İslam hüquqçuları qadınların dövlət başçılığı və hakimlik xaricində cəmiyyətdə hər hansı bir vəzifə tutmaqlarına qarşı çıxmırlar.[21]

İstifadə olunmuş ədəbiyyat

Mehmet Dikmen, İslam`da Kadın Hakları, Yaylacık Matbaası, İstanbul, 1990, s. 210.
M. Akif Aydın, “Kadın (İslam`da Kadın)”,DİA, c. 24, TDV yay., İstanbul, 2011, s. 90.
İhsan Özkes, Peygamberimiz (s.a.) Döneminde Kadınlar, Göksu Grafik, İstanbul, 1998, s. 55.
Rıza Savaş, Hz. Muhammed Devrinde Kadın, Ravza Yay., İstanbul, 1992, s. 129-130.

[1]Mehmet Dikmen, İslam`da Kadın Hakları,  Yaylacık Matbaası, İstanbul, 1990, s. 210.

[2]Dikmen, s. 212.

[3]Ahzab, 33/34.

[4]Dikmen, s. 213.

[5]Ələq, 96/ 1.

[6]Zümər, 39/9.

[7]Taha, 20/114.

[8]İhsan Özkes, Peygamberimiz (s.a.) Döneminde Kadınlar, Göksu Grafik, İstanbul, 1998, s. 55.

[9]Ələq, 96/1-5.

[10]Özkes, s. 56.

[11]Rıza Savaş, Hz. Muhammed Devrinde Kadın, Ravza Yay., İstanbul, 1992, s. 129-130.

[12]Özkes, s. 58.

[13]Özkes, s. 100-101.

[14]Savaş, s. 224.

[15]Savaş, s. 224 – 226.

[16]Dikmen, s. 215.

[17]Dikmen, s. 216.

[18]Dikmen, s. 218.

[19]Dikmen, s. 219.

[20]Özkes, s. 105.

[21]M. Akif Aydın, “Kadın (İslam`da Kadın)”,DİA, c. 24, TDV yay., İstanbul, 2011, s. 90.

 

Mənbə: \elmyurdu\

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB