Ailə daxili konfliktlərin uşağa mənfi təsiri

Konfliktsiz ailələr yəqin ki, tapmaq müşgül məsələdir, çünki ailə aktiv sistemdir. Bu sistem individual fikri, düşüncəsi, dünya görüşü və baş verən hadisələrə baxma bucağı olan iki insandan ibarətdir. Məsələ bu konfliktlərin hansı istiqamətdə inkişaf etməsidir. İki istiqamət ola bilər: Konstruktiv,  Qeyri - konstruktiv.  Konstruktiv konflikt zamanı hər iki tərəfin məqsədi ortaq məxrəc əldə etməkdir. Bu, tərəflər bir-birinə və bir-birlərinin fikrinə hörmətlə yanaşanda mümkün olur. Bu zaman qarşı tərəfin fikri dinlənilir, bir-birininə güzəşt olunur və son olaraq mübahisə, ortaq məxrəc əldə olunaraq, mehriban mühitdə çözülür. Qeyri - konstruktiv konflikt zamanı məqsəd, nəticə əldə etmək yox, qarşı tərəfə kimin daha üstün olmasını sübut etmək, qarşı tərəfi alçaltmaq olur. Məhz bu konflikt uşaq psixikasına mənfi təsir göstərir, psixoloji travmalar yaradır. Çünki məhz bu tərz konfliktlər zamanı tərəflər yüksək tondan, təhqiramiz sözlərdən, hədələyici kəlmələrdən, məsələn "ayrılacam", "boşanacam", "çıx get" və s., və hətta əl qaldırmaqdan belə çəkinmirlər. Ailədaxili konfliktlərdə uşaqların rolu 3 şəkildə olur:

        1. Uşaq valideyn konfliktinin kənardan sakit müşahidəçisi olur

        2. Uşaq ildırımötürən rolunda olur

        3. Uşaq konfliktdə silah kimi istifadə olunur.

1. Uşaq səssizcə, təkrarlanan konfliktlərin müşahidəçisi olur. Uşaq üçün ana-ata cütlüyü onu qoruyan bütöv sistemdir. Ana və ata bir-biri ilə dalaşarkən, bir-birini təhqir edərkən, "boşanacam", "gedəcəm" və s. kimi sözlərdən istifadə edərkən, uşaq üçün, onu qoruyan bu sistem dağılır. Uşaq özünü, müdafiəsiz hiss edir,sanki onu qoruyan bir divar dağılır. Bu dönəmdə uşaq özünü köməksiz, müdafiəsiz hiss etdiyi üçün onda qorxular, fobiyalar yarana bilər. Həmçinin gecə qorxuları, nevrotik hallar, məsələn enurez, tiklər yarana bilər. Açıq konfliktlərdən əlavə, gizli konfliktlər də həmçinin uşaq psixikasına mənfi təsir göstərir. Valideyn, xüsusən ananın keçirdiyi gizli gərginlik, göstərmə, məcburi mehribanlıq, valideynlərin bir-birinə yadlaşması, soyuması da həmçinin uşaq psixikasına mənfi təsir göstərir.

2. Əfsuslar olsun ki,uşaq ildırımötürən rolunda, emosional gərginliyin boşaldılması rolunda da iştrak edir. Bu halda valideyn öz hirs, acıq, gərginlik, toplanmış mənfi emosiyalarını uşağın üzərinə tökür. Yersiz qışqırır, hətta döyür. Bu hal, ana-ata arasında baş verən konfliktlər nəticəsində onsuz da zərbə almış uşaq psixikasına bir qədər də dağıdıcı təsir göstərir, uşaqda özünə əminsizlik,inamsızlıq, özünəqapanma hisslərini yaradır. Emosional gərginliyi azaltmaq üçün ana müxtəlif metodlardan istifadə etməli və heç bir şəkildə hirsini uşağın üzərinə tökməməlidir. Məsələn: təmiz havada gəzinti, idman hərəkətləri, xoş musiqi dinləmə, və s.

3. Çox vaxt uşaqlardan silah kimi də istifadə olunur. Ana, ata sanki üstünlük əldə etmək üçün uşağı öz tərəfinə çəkməyə çalışırlar. Qarşı tərəf haqqında uşaqda mənfi fikir yaratmağa çalışırkən valideyn əfsuslar olsun, tamam unudur ki, bu qarşı tərəf onlar üçün sadəcə həyat yoldaşıdırsa, uşaq üçün bu şəxs əvəzolunmaz ata və yaxud da əvəzolunmaz və yeganə anadır. Həmçinin bəzən valideynlər, yükün bir hissəsini uşaqların çiyninə yükləməyə çalışırlar. Bu zaman "gör sənə görə mən nələrə dözürəm", "sən olmasaydın, mən çoxdan boşanmışdım" kimi fikirləri uşağın beyninə yeritmək qətiyyən olmaz. Bu vaxt uşaq özünü baş verənlərdə qinayır və yenə də özünə qarşı inamsızlıq, özünəqapanma yaranır.

                                                                                                                                                      Fəsadlar

Psixoloji fəsadlar. aqressivlik,qorxu, fobiyalar, özünəqapanma, özündən əminsizlik, ruh düşgünlüyü, emosional ləbillik.

Nevroloji fəsadlar. tiklər, enurez Davranış fəsadları.Tez-tez konfliktlər olan ailədə böyüyən uşaq məhz bu cür münasibət modelini normal hesab edir. Nəticə olaraq uşaq yaşıdları ilə, həmçinin gələcəkdə öz ailəsində həyat yoldaşı ilə məhz bu cür münasibət modelinə üstünlük verə bilər . Valideyn nə etməlidir?

       1. Konflikt bitdikdən sonra valideyn sakitləşib, uşaqla söhbət etməlidir. " Mən atanla mübahisə edərkən deyəsən qanın qaraldı"- deyərək söhbətə başlamaq olar. Uşaqdan keçirdiyi hissləri soruşmaq, hər bir ailədə bu cür mübahisələrin olduğunu söyləmək lazımdır.    Mütləq uşağa demək lazımdır ki, bu mübahisələr heç bir şəkildə ona aid deyil və valideynlər onu sevirlər və həmişə də sevəcəklər.

        2. Uşağı konfliktin bitməsi haqqında xəbərdar etmək lazımdır.Uşaq mübahisənin necə bitməsindən asılı olaraq ya rahatlaşır ya da əksinə gərgin halda qalır.Əgər mübahisə xoş notla bitməmişsə, valideynlər arasında narazılıq, inciklik qalibsa bu uşağı gərgin edir.    Əksinə mübahisə valideynlərin bir-birilə xoş ünsiyyət yaratması ilə nəticələnirsə, uşaq da rahatlaşır və sevinir. Odur ki, mübahisə bitəndən sonra, mümkün qədər tez çalışıb evdəki abu-havanı yumşaltmaq lazımdır.

     3. Həyat yoldaşı ilə olan münasibət heç bir şəkildə valideyni övladindan uzaqlaşdırmamalıdır. İstər ana, istərsə də ata həmişə olduğu kimi, hətta həmişəkindən də artıq dərəcədə uşağın dərsləri, dostları, problemləri ilə maraqlanmalıdırlar.

 

Afaq Əmirli, uşaq psixoloqu

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB