“Aydınlığa doğru”nun Quba konfransı

“Aydınlığa doğru” Milli – Mənəvi Dəyərlərin   Qorunması   İctimai Birliyinin mart ayından Bakıda start verdiyi   “Müasir cəmiyyətdə qadın şəxsiyyəti” mövzusunda silsilə konfranslar regionlarda davam etdirilir. Bu barədə birliyin mətbuat katibi Zülfiyyə Əmrahlı məlumat verib. Onun sözlərinə görə, bugünlərdə növbəti görüş Quba rayonunun ziyalı xanımları ilə keçirilib. “Sən diqqət mərkəzindəsən” devizi ilə keçirilən konfransın gündəliyində regionlarda yaşayan qadınlarımızın problemləri, onların öz konstitusiya hüquqlarından nə dərəcədə istifadə etmələri, erkən nikah və ümumiyyətlə, maarifçilik məsələləri əsas yer tutub. Tədbirdə aktual məsələlərdən söz açılıb, gənc nəslin tərbiyəçisi olan qadınlarımızın problemlərinin həlli yollarından danışılıb. Konfransda məhz Quba qadınlarını narahat edən problemlər ön plana çəkilib. 

Tədbiri giriş sözü ilə açan “Aydınlığa doğru”   İctimai Birliyinin sədri Solmaz Əmirli görüşün məram və vəzifələrini açıqlayıb, Quba konfransının keçirilməsindəki məqsədlərdən bəhs edib.

Fəlsəfə elmləri doktoru, professor Rəfiqə Əzimova çıxışında qadınlara müraciət edib, onları diqqətli olmağa səsləyib: “Gənc nəslin tərbiyə edilməsində nümunəvi ailə modeli və ailəiçi ünsiyyət çox önəmlidir. Analar, uşaqlarımızı təhliükə gözləyir. Əgər biz öz uşaqlarımıza gözəl örnək ola bilməsək, onlar məhv olacaqlar”

Filologiya elmləri namizədi Mömünat Ömərova regionlarda   qadınların passiv mövqe tutmasına qarşı çıxıb: “Nəyə görə Qubanın 38 bələdiyyəsindən yalnız birinin sədri qadındır? Niyə əyalətlərdə az sayda qadınlarımız rəhbər vəzifələrə irəli sürülür? Əziz qadınlar, bizim özümüzdən çox şey asılıdır. Cəmiyyətdə passiv mövqe tutmamalıyıq. Təşəbbüskar olmalıyıq. Ailəmizə, evimizə baxmaqla yanaşı, boş vaxtlarımızı teleseriallara və səviyyəsiz şoulara deyil, faydalı ictimai fəaliyyətə sərf etməliyik.” M. Ömərova çıxışında həmçinin 1995-ci ildə onun öz təşəbbüsü ilə yaradılmış və sədri olduğu Azərbaycan Diabet Xəstələri Cəmiyyətindən və bu qurumun ölkəmizdə diabet xəstəsi olan uşaqlara göstərdiyi böyük yardımından söz açıb.

“Aydınlığa doğru”nun nəzdində yaradılan və artıq müstəqil qurum kimi fəaliyyət göstərən “Damla” Xeyriyyə Cəmiyyətinin sədri Nigar Abdullayeva Azərbaycanda ilk xeyriyyə cəmiyyətinin 1905-ci ildə qadınlar tərəfindən yaradıldığını bildirib: “Biz qadınlar bununla fəxr etməliyik. Bir xeyriyyə qurumu olaraq “Damla” öz fəaliyyətində yalnız xəstələrə və imkansız ailələrə yardım etməklə kifayətlənmir. Biz həm də çalışırıq ki, görkəmli mesenat H.Z.Tağıyevin dediyi kimi: “Balıq istəyənə yalnız balıq verməyək, ona həm də balıq tutmağı öyrədək”.

Quba rayon icra hakiminin müavini Xanımsona Əkbərova ailə dəyərlərinin qorunub saxlanmasının vacibliyini çıxışında önə çəkib: “O dövrə gəlib çatmışıq ki, bizim ailə dəyərlərimiz çox laxlayıb. Qadınları həyatın axarına özbaşına buraxmaq olmaz. Hər bir azərbaycanlı qadın bilməlidir ki, onun başının tacı həyat yoldaşıdır. Ən böyük bəlalardan biri də odur ki, bizim cəmiyyətimizdə ictimai qınaq yoxdur. Yanlış hərəkət edən birisini heç kəs qınamır, “nə işimə qalıb, özü bilər” deyir, bu isə nəticədə bütünlüklə cəmiyyətimizin axsamasına gətirib çıxarır. Bəli, indi cəmiyyətimizdə savadlı insanların sayı çoxdur. Lakin savadlı olmaq heç də ziyalı olmaq demək deyildir. Keçmişdə ana və nənələrimizin əksəriyyəti savadsız olub, amma onlar çoxlu sayda övlad dünyaya gətirməklə bərabər, onlara gözəl tərbiyə vermiş, ağıllı ailəiçi siyasət yürüdərək eləcə də ailə büdcəsini çox məharətlə idarə ediblər”

Quba rayon təhsil şöbəsinin nümayəndəsi Natavan Bağırova anaların tərbiyəçi rolundan danışıb: “Gözəl övlad tərbiyə etmək üçün ilk növbədə analarımıza tərbiyə işini öyrətmək lazımdır. Ana ali təhsilli ola bilər, amma bu o demək deyil ki, o yaxşı tərbiyəçidir.”

 Qubadakı Heydər Əliyev muzeyinin direktoru Elza Orucova “Aydınlığa doğru” kimi bir qurumun Qubada da yaradılması vaxtının artıq çatdığını bildirib: “Çünki biz milli-mənəvi dəyərlərimizdən get-gedə daha çox uzaq düşürük. Dövlətimizin və xalqımızın gələcəyi üçün isə məhz bu dəyərlərin qorunub saxlanması, itirdiyimiz dəyərlərin, gözəl milli adət-ənənələrin bərpa olunması çox önəmlidir ”

 “Aydınlığa doğru”   İctimai Birliyinin təlim-tədris şöbəsinin rəhbəri Aytən Mehdiyeva Bakı və Xaçmaz konfransları kimi, bu konfransın da rayon cəmiyyəti üçün faydasız qalmayacağını qeyd edərək deyib: “Tarix göstərir ki, xalqımızın neçə-neçə diplomat, xeyriyyəçi, gərgin ictimai fəaliyyətlə məşğul olan qadınları olub. Onlar indi də var və bizim tanımadığımız neçə qadının ictimai fəaliyyətə qoşulmaları üçün bir qığılcım kifayətdir”.

Konfransın işini yekunlaşdıran S. Əmirli tədbirin keçirilməsinə göstərdikləri dəstəyə göra Quba rayon icra hakimiyyətinə və Milli QHT Forumunun Quba bölməsinə öz təşəkkürünü bildirib və tanınmış filosof Səlahəddin Xəlilovun “Baxış bucağı” publisistik məqalələr toplusunu konfrans iştirakçılarına hədiyyə edib. Birliyin sədri sonda “Müasir cəmiyyətdə qadın şəxsiyyəti” mövzusunda konfransın il boyu digər bölgələrdə də davam etdiriləcəyini qeyd edib.

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB