“Aydınlığa doğru”nun Xaçmaz konfransı

“Aydınlığa doğru”  Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyi bu yaxınlarda keçirdiyi “Müasir cəmiyyətdə qadın şəxsiyyəti” mövzusunda konfransın vəzifələri çərçivəsində və konfransdan irəli gələn məsələlərlə Xaçmaz rayonunun ziyalı xanımları ilə görüş keçirib. Birliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşün proqramına “Pətək” Uşaqların Mənəvi Tərbiyəsi İctimai Birliyi üzvlərinin Xaçmaz uşaqları ilə , “Qadın və tərəqqi” və “Damla” ictimai birliklərinin rayon ictimaiyyəti ilə görüşləri daxil edilib. Xaçmaz şəhər parkı önündə başlayan görüşü Sevinc Əsgərovanın sədrlik etdiyi “Pətək”in uşaqları və müğənni Samirə açıb. “Qadın dünyası” qəzetinin Xaçmaz uşaqları arasında keçirdiyi “Ən yaxşı şeir, mahnı və təsviri-sənət nümunəsi” müsabiqəsi yerli əhali və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. “Qadın və tərəqqi” və “Damla” ictimai birliklərinin əməkdaşları ehtiyacı olan 160 ailəyə ərzaq yardımı paylayıb və 4 nəfərə əlil arabası təqdim ediblər.

“Damla” ictimai birliyinin sədri Nigar Abdullayeva rəhbərlik etdiyi qurumun işindən söz açıb.

Xaçmazın ziyalı qadınları ilə keçirilən görüşdə millət vəkili Lalə Abbasova, Ailə, Qadın və Uşaq Komitəsinin sədri Sədaqət Qəhrəmanova, professor Rəfiqə Əzimova, “Aydınlığa doğru” ictimai birliyinin təlim-tədris şöbəsinin rəhbəri, heykəltəraş Aytən Mehdiyeva, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə aktual məsələlərdən söz açaraq, gənc nəslin tərbiyəçisi olan qadınların problemlərindən danışıblar.

“Aydınlığa doğru”Birliyinin sədri Solmaz Əmirli qadınların problemlərinin həlli yollarından bəhs edib. S.Qəhrəmanova çıxışında konfransın devizinə diqqəti yönəldib: “Cəmiyyətin aparıcı qüvvəsi qadınlardır. Biz öz vacibliyimizi dərk edib anlamalıyıq ki, niyə diqqət mərkəzindəyik. Əsas olan hansısa vəzifə sahibi olmağın deyil, əsas olan yaxşı vətəndaş olmağındır”. L.Abbasova qadın məsuliyyəti haqqında söz açıb: “Əgər səhhətimizdə problemlər varsa, deməli, nəyisə düz eləmirik, günah işləyirik. Hər bir qadın dünyaya uşaq gətirməyin şərəfli olduğu qədər, nə dərəcədə məsuliyyətli olduğunu da dərk etməlidir. Kişilər də hər zaman qadına dəstək olmalıdır. Ancaq güclü kişi qadına öz potensialını açmağa kömək edə bilər”.

R.Mirzəzadə çıxışında mənəvi dəyərlərimizə olan münasibət barədə fikirlərini açıqlayıb: “Dəyərləri itirməyimizin əsas səbəbi – laqeydliyimizdir. Gəlin qutabımızı “maqdonaldslara” dəyişməyək!”

A.Mehdiyeva bütün problemlərin başında cahilliyin durduğunu, “Aydınlığa doğru” ictimai birliyinin bu problemin aradan qaldırılması yönündə fərqli layihələr həyata keçirdiyini söyləyib, Birliyin nəzdində “Oxu” məclisinin fəaliyyət göstərdiyini deyib. Diskussiyada olduqca fəal iştirak edən Xaçmaz qadınları öz problemlərini dilə gətirərək, onlardan çıxış yollarını da söyləyiblər. Xaçmazlı xanımlar gileylərini də gizlətməyiblər: “Paytaxt qadınları müəyyən maraqlı tədbirlər, effektiv görüşlər keçirmək imkanına malikdirlər, biz – region qadınları isə bu imkanlardan məhrumuq”. Ziyalı qadınlar belə görüşlərin vaxtaşırı keçirilməsi arzusunda olduqlarını bildiriblər.

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB