“Müasir cəmiyyətdə qadın şəxsiyyəti”

“Aydınlığa doğru” Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyi Heydər Əliyev fondu, BMT-nin Əhali Fondu (UNFPA) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Müasir cəmiyyətdə qadın şəxsiyyəti” adı altında elmi konfrans keçirib. Tədbir “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” layihəsi çərçivəsində BMT-nin 13/25 koalisiyasının Azərbaycandakı nümayəndəliyinin dəstəyilə, “SƏN diqqət mərkəzindəSƏN!” devizi altında gerçəkləşib.

Konfransı giriş sözü ilə açan Birliyin sədri Solmaz Əmirli konfransın mövzusu, devizin mahiyyəti barədə məlumat verib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, psixologiya elmləri doktoru Sveta Məcidova, millət vəkili Lalə Abbasova, professorlar Fuad Məmmədov, Rəfiqə Əzimova, Sacidə Abdulvahabova, Konstitusiya Məhkəməsi konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova, filologiya elmləri namizədi Möminat Ömərova və sosiologiya elmləri namizədi Əbülfəz Süleymanlı məruzələrlə çıxış ediblər. Məruzələrdə qadının cəmiyyətdəki əhəmiyyətli rolundan söhbət açılıb.

Çıxışlarda teleserialların gənclərimizin əxlaqına vurduğu mənfi, dağıdıcı təsirdən danışılıb: “Bu teleserialları seyr edərək böyüyən gənc qızlarımızda ciddi şəkildə ailə qurmaq və ana olmaq arzusu mədəniyyətimizə yabançı, ötəri həvəslərlə əvəzlənir. Karyera qurmaq istəyi neçə-neçə gənc ailənin dağılmasına səbəb olur”. Nənə-baba institutunun azərbaycanlı ailəsində önəminə də toxunan məruzəçilər gənc nəslin tərbiyəsində çox faydalı olan bu ənənənin yenidən dirçəldilməsinin vacibliyini qeyd ediblər. Çıxışlarda qızların mükəmməl orta təhsil almaları, ali təhsil almaq qabiliyyətində olan qızların təhsildən yayındırılmamaları mövzusu da diqqət mərkəzinə çəkilib. 

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB