MÜSƏLMAN SƏYYAHLAR HACI ZEYNALABDİN ŞİRVANİ

Hacı Zeynalabdin Şirvani səyyah və coğrafiyaşünas, tarixçi, etnoqraf və filosof olaraq tarixə adını yazdırmış məşhur elm xadimlərimizdəndir. Hacı Zeynalabdin Şirvani 1780-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Onun beş yaşı olarkən atası İskəndər bəy ailəsi ilə birgə Bağdad yaxınlığındakı Kərbəla şəhərinə köçür. Gələcək səyyahın atası buradakı mədrəsədə dərs deməyə başlayır. Elə o özü də ilk təhsilini bu mədrəsədə alır. 1796-cı ildə o, təhsilini başa vurmaq üçün Bağdad şəhərinə yollanır. Müqqəddəs şəhərə gələn din alimləri, səyyahlar, burada oxuduğu kitablar onda yeni bir həvəs formalaşdırır. Başqa ölkələrdən gələn adamların ölkələri haqda danışdıqları gənc oğlanda səyahət eşqini artırır; bu fikir onun həyat məqsədinə çevrilir. O heç tərəddüd etmədən səyahətə çıxmaq qərarına gəlir.
İlk səyahətinə 17 yaşında başlayır. Azərbaycanlı yazar Nurəddin Kərimovun bildirdiyinə görə, Hacı Zeynalabdin Şirvaninin getdiyi yol 60 min klometr uzanmış və 40 il davam etmişdir.
Bu yol Kiçik Asiyadan, İran yaylasından, Orta Asiya, Ərəbistan və Cənubi Afrika səhralarından, Sudanın meşə və cəngəlliklərindən, Hindistanın tropik meşələrindən, Hind okeanı adalarından keçib. O Hindquş, Zaqros, Süleyman dağlarından, Pamirdən  adlamışdır. Bu yol Asiya və Afrikanın bir çox digər vilayətlərindən keçmişdir.
Şirvani ona dünya şöhrəti gətirən üç kitab yazmışdır:  1822-ci ildə "Riyazüs-səyahət" (Səyahət bağçaları),   1827-ci ildə "Hədaiqüs-səyahət" (Səyahət bağları) və nəhayət, 1833-cü ildə "Bustanus-səyahət" (Səyahət gülzarı). Bu əsərlərdə o, bir çox ölkələrin coqrafiyası, tarixi, etnoqrafiyası, arxitekturası, ədəbiyyatı və görkəmli ictimai xadimləri barədə dəyərli məlumatlar verir.
Şirvaninin iki oğlu olur. Onun böyük oğlu çox yaşamır. Kiçik oğlu isə atası kimi səyyah olur.
Hindistan vilayətlərindən birində ağlagəlməz bir qonaqpərvərliklə qarşılanmış Şirvani bunun səbəbini soruşduğu zaman vilayətin hakimi belə cavab vermişdi: "Mən sizə layiq olduğunuz hörmətin yalnız yüzdə birini göstərə bilmişəm. Siz səkkiz səbəbdən hörmətə layiqsiniz: birincisi, siz insanpərvərsiniz, insanlarsa bir-birinə hörmət etməlidirlər; ikincisi, siz buraya bizim ölkəmizin qonağı olaraq gəlmisiniz, qonağa hörmət edərlər; üçüncüsü, siz alimsiniz, alimə hörmət bir borcdur; dördüncüsü, siz müdrik və çox bilən bir adamsınız, acizlərə, kasıblara kömək edirsiniz, belə adamlarsa hər cür hörmətə-izzətə layiqdirlər... Bax, bütün bunlara görə mən sizi qəlbən sevir və hörmət bəsləyirəm".
Hacı Zeynalabdin Şirvani ömrünün üç ilini Türkiyə ərazisində keçirmişdir. Bu müddət ərzində buranın nüfuzlu adamları ilə görüşüb söhbət etmişdir. Şirvani Van gölü hövzəsini və iqlim şərtlərini belə qiymətləndirir: “Bura ürəkaçan vilayət və ruhu rahatladan məmləkətdir. Məşhur şəhərlərdən, xoş çəmənlərdən, könül açan otlaqlardan ibarətdir. Suyu yetərincə münasib, havası  sərinliyə meyillidir. Oranın çox yeri dördüncü iqlimdə, az hissəsi isə beşinci iqlimdədir. Bu məkanın dağlıq yerləri düzənliklərdən daha çoxdur”.
Van gölünün əhalisi mövzusunda səyyah belə deyir: “Orası çox təriflənən və çox fərqli topluluqlar məskənidir. Xalqı gözəl simalı və mütənasib görüntülü olmasıyla digər yerlərin əhalisindən üstün və seçkindir. Fəqət bu yaxşı tərəflərinə rəğmən dalaşqandırlar”.
Şirvaniyə görə, Van gölü hövzəsi əhalisi Hz. İsaya qədər Sabi və Zərdüşd dininə sitayiş edirdi. Yəni ulduzlara və oda inanırdılar. Hz. İsadan sonra xiristianlıq dinini qəbul etdilər. İslam dininin gəlməsindən sonra əhalinin çoxu müsəlman olmuşdur. Sonra isə əhalinin etnik və dini tərkibi haqda geniş məlumat verir.
Hacı Zeynalabdin Şirvani son səyahətini 1838-ci ildə həyat yoldaşı ilə birgə Həcc ziyarətinə çıxaraq tamamlayır və yolda vəfat edir. Elə oradaca, Ciddə şəhərində dəfn edilir.
 

 

 

  Mənbə: / irfandergisi.com/

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB