Texnoloji inkişaf: itirdiklərimiz və qazandıqlarımız

Texnologiya bu gün “olmazsa olmaz” dediyimiz bir çox növləri ilə (üstəlik də, hər gün yenilənərək) hər birimizin evinə daxil olmaqdadır. Ancaq bu texnologiyaların bəzilərinin bizə necə faydalı olduğunu bildiyimiz halda, bəzilərinin də necə zərərli olduğunu bilmək istəmirik.

Sizə elə gəlmirmi ki, uşaqlarınızı sevdiyiniz üçün, ya da onlar sizi sevsin deyə aldığınız dəbdəbəli kompyuterlər və ya dəbdəbəli telefonlar bıçaq kimi onların ağıllarını “yaralaya” bilər, qəlblərini zədələyə bilər? Uşaqların və ya gənclərin daha çox oyuna, əyləncəyə meyilli olduqlarını nəzərə alsaq, onların nəzarətsiz qalacaqları halda, bu texnologiyalardan hansı məqsədlə istifadə edəcəkləri məlumdur. Halbuki elə ilk baxışdan çox ciddi nəzarət tələb edən bu məsələdə böyük boşluqların olduğunu görmək o qədər də çətin deyil. Bu boşluqların başlıca səbəblərindən biri isə valideynlərin uşaqlarının kompyuter arxasında keçirdikləri vaxtdan, hətta onların istifadə etdikləri internet səhifələrindən xəbərsiz olmalarıdır. Halbuki günümüzdə bir çox ailələr “uşağım dizimin dibində olsun” deyəndə, həmçinin evdə darıxmasınlar deyə, televizor və kompyuter arxasında oturdanda sonunu nəzərə almırlar. Təbii ki, onlar kompyuterdə və televizorda göstərilənlərin gənclərin, xüsusilə də uşaqların təmiz beyinlərinə olduğu kimi yazıldığını və sonralar bu “yazı”ların onları istiqamətləndirdiyini də bilmək istəmirlər... 

Yəqin ki, kompyuter arxasında, televizor qarşısında (və ya telefonla) vaxt keçirən gənclərdə dostluq anlayışının çox zəif olduğunu və əgər varsa, dostları ilə canlı ünsiyyət əvəzinə, rəqəmsal ünsiyyət qurmağa üstünlük verdiklərini, üstəlik, əgər varsa, oyuna olan həvəslərini kompyuterlə təmin etdiklərini və s. çox eşitmisiniz. Bu problemlər həqiqətən var və hər birimiz bu problemlərlə qarşılaşırıq. Bu deyilənləri nəzərə alsaq, bu gənclərin gələcəkdə cəmiyyət arasında özlərinə yer tapa bilməyəcəklərini və robotdan fərqlənməyəcəklərini anlamaq çox da çətin deyil. Bunlar insanlığa böyük zərbələr vuran və insanları insanlıqdan uzaqlaşdıran problemlərdir. Aşağıda bəhs edəcəyim bir hadisə isə yuxarıda bəhs etdiyim problemlərə çox ibrətli bir misaldır...

Bir neçə ay bundan əvvəl televiziya, radio və qəzetlər böyük heyrətlə xəbər yaydılar ki, Çində bir ailədə körpə uşaq aclıqdan dünyasını dəyişib. Buna səbəb isə ata və ananın saatlarla kompyuter qarşısından qalxmamaları, daha doğrusu, saatlarla kompyuterdə oyun oynamaları olub. Nə qədər dəhşətli bir hadisədir deyilmi? Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, ailələrə “Uşaqlarınızın televizordan, kompyuterdən, telefondan istifadəsinə diqqət yetirin!” deyə xəbərdarlıq etmək kifayət deyil. Çünki birisi ailəsinə kompyuteri tamamilə qadağan etdiyi halda, digəri isə saatlarla kompyuter arxasında oturmasına göz yumur. Təbii ki, bütün bu dediklərimiz bədbinlikdən irəli gəlmir və ya sizi ümidsizliyə sövq etmək niyyətimiz yoxdur. Niyyətimiz, sadəcə olaraq, müasir ailələrin texnologiya ilə bağlı problemlərini üzə çıxarmaq və bu problemlərin həlli yollarını axtarmaqdır. Ona görə də elə indidən bu problemlər barədə ciddi müzakirələr aparmağa və hətta yaxın və uzaq gələcək üçün xüsusi proqramların hazırlanmasına ciddi ehtiyac var.

 

 

   Mənbə: /testbook.az/

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB