Rəhbərlik

Əmirli Solmaz Baba qızı 1948-ci il iyunun 9-da Azərbaycanın Kürdəmir şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1967-1974-cü illərdə  Azərbaycan Dövlət Universitetinin  filologiya fakultəsini bitirmişdir.

Solmaz xanım əmək fəaliyyətinə hələ ali təhsil aldığı illərdə başlamışdır. 1968-1970-ci illərdə  Azərbaycan Dövlət Pedaqoji İnstitutunda korrektor, 1972-1975-ci illərdə  Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında kiçik redaktor kimi fəaliyyət göstərmişdir.

1977-1983-cü illərdə Solmaz xanım Azərbaycan Dövlət Televiziyasında redaktor, şərhçi, böyük redaktor vəzifələrində çalışmışdır.  Bu illərdə Solmaz Əmirli “Xəbərlər”,  “Günün ekranı”  proqramlarının aparıcısı və o dövr üçün  yenilik olan və cəmiyyətdə böyük maraqla qarşılanan sosial-publisistik  “İslam, olduğu kimi...”  proqramının hazırlayanı və aparıcısı olmuşdur.

2002-ci ildən “Space” radiosunda redaktor kimi işləyən Solmaz Əmirli eyni zamanda dinləyicilər tərəfindən çox sevilən dini-maarifləndirici “Ünsiyyət” proqramının  müəllifi və aparıcısıdır.

Solmaz Əmirlinin təşəbbüsü və rəhbərliyi ilə qurulan “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi 2008-ci ilin mart ayında dövlət qeydiyyatından keçmişdir.  Hal-hazırda Solmaz Əmirlinin sədrliyi ilə  ictimai birlik milli-mənəvi dəyərlərin qorunması və maarifləndirmə istiqamətində geniş fəaliyyət göstərir, bir-birindən maraqlı layihələr həyata keçirir.

Solmaz Əmirli ailəlidir, həyat yoldaşı Azərbaycanda tanınmış yazıçı-dramaturq Əli Əmirlidir. 2 övladları, 6 nəvələri var. 

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB