Azərbaycanın maarif xadimi Qəribsoltan Həsən bəy qızı Məlikova

1896— Azərbaycanın maarif xadimi Qəribsoltan Həsən bəy qızı Məlikova Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdab şəhərində), maarifpərvər ziyalı, Azərbaycan mətbuatının banisi Həsən bəy Məlikov-Zərdabinin ailəsində anadan olmuşdur. Qəribsoltan Məlikova orta məktəbi bitirdikdən sonra Tiflisdə rus qızlar gimnaziyasında təhsil almışdır. Atası Həsən bəy Zərdabinin vəfatından 3 il sonra onun arzusu ilə Bakıya köçməyə məcbur olmuş və 1910-cu ildə pedaqoji fəaliyyətə başlamışdır. 1914-cü il 10 may tarixində ona ibtidai sinif müəllimi adı verilməsi haqqında Şəhadədnamə təqdim edilmişdir.
1915-1918-ci illərdə Bakıdakı rus-tatar (Rus-Azərbaycan) qız məktəbində dərs demiş, 1918-1920-ci illərdə bir sıra çətinliklərə sinə gərərək Bakıdakı üçüncü rus qız gimnaziyasında, sonra isə ikinci rus-qız gimnaziyasında Azərbaycan dilindən dərs demiş, həm də pedaqoji kursda öz təhsilini artırmışdır. Qərib Soltan Məlikovaya ibtidai məktəb müəllimi adı verilməsi haqqında 1938-ci il 4 noyabr tarixində Attestat təqdim edilmişdir.
1956-cı ilədək Bakının bir sıra orta məktəblərində yorulmaq bilmədən çalışmış, neçə-neçə nəslin yetişməsində böyük rol oynamışdır. Maarifpərvər ziyalı Qəribsoltan Məlikova 1967-ci il mart ayının 9-da Bakı şəhərində vəfat etmişdir. 
Ailə üzvlərinin repressiyası səbəbindən Gəncəyə köçərək bir müddət burada sakit həyat yaşamaq istəmişdir. İkinci Dünya müharibəsi illərində görkəmli bəstəkar Rauf Hacıyevin anası Nanə xanımla (Nanə xanım Zərdablı olduğu üçün) Zərdaba getmiş və hər ikisi orta məktəblərdə müəllim kimi çalışmışlar. Bu cəfakeş xanım ailə həyatı qurmamış, ömrü boyu ədəbi irsi təqib olunmuş, yasaq edilmiş atasının, repressiya qurbanı olan qardaşının, Fransada yaşamağa məcbur olan bacı və qardaşının, yeznəsi Əlimərdan bəy Topçubaşovun, bu üzüntülərə dözə bilməyən anası Hənifə xanımın dərdi ilə yaşamışdir. Həsən bəyin ailəsindən tək yadigar qalmış Qəribsoltan xanımı qardaşı Midhətin faciəli həyatı, anası Hənifə xanımın vaxtsız ölümü, Bibiheybət məscidinin yanından atası Həsən bəyin məzarı yerləşən qəbiristanlığın dağıdılması xəbəri çox sarsıtmışdır. Çox çətinliklə də olsa cənazənin qalıqlarını Həsən bəyin ömür-gün yoldaşı Hənifə xanım Məlikova-Abayevanın yanında basdırmışdır. Bütün bu çətinliklərə baxmayaraq vətənpərvər müəllimə Azərbaycanda Sovet hakimiyyəti qurulan ilk illərdə yeni yaradılan məktəblərin, savad kurslarının təşkilində yaxından iştirak etmiş, qabaqcıl bir pedaqoq kimi respublikada maarifin inkişafında əlindən gələn köməyi əsirgəməmişdir. 
Azərbaycan elm və mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərinə görə Qəribsoltan Məlikovaya 1948-ci ildə Azərbaycan SSR-in Əməkdar müəllimi fəxri adı verilmiş, Lenin ordeni ilə təltif edilmişdir. Hətta bəzi tarixi mənbələrdə Qəribsoltan xanımın İmperator üçüncü Aleksandr adına Birinci Bakı kişi gimnaziyasının Pedaqoji Şurasında bütün sınaqlardan keçərək "Xalq məktəblərinin müəllimi” adına layiq görüldüyü də göstərilir. Bu nailiyyət nəinki Qəribsoltan xanımın, eləcə də bütün Azərbaycanlı qadınlarının irəliləyişi, onların oxumaq imkanlarının təsdiqi idi.

 

    Mənbə:/anaveusaq.az/

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB