Nərmin Tahirzadə – tarixçi alim

 

 

 

 

 

 

 

 

 

 

Tahirzadə Nərmin Abdulla qızı 13 avqust 1921-ci ildə İstanbul şəhərində anadan olub. Atası - ozamankı Şəki qəzasının Xaçmaz kəndindən olan Tahirzadə Abdulla Mabud oğlu həmin vaxt İstanbul universitetində təhsil alırdı.
Abdulla Tahirzadə 1923-cü ildə təhsilini bitirərək Bakıya dönüb. Üç yaşlı Nərmin isə Azərbaycana bir il sonra - 1924-cü ildə anası ilə birgə gəlib. İxtisasca müəllim olan valideynləri Bakının ali və orta məktəblərində dərs deyib. Atası 1978-ci, anası isə 1987-ci ildə vəfat edib.
1939-cu ildə orta məktəbi bitirən Nərmin xanım Azərbaycan Dövlət Universitetinin (indiki Məhəmmədəmin Rəsulzadə adına BDU) tarix fakültəsinə qəbul olunub və 1944-cü ildə oranı bitirərək aspiranturaya girib. Elə həmin ildən ADU-nun "SSRİ xalqları tarixi” kafedrasında assistent və müəllim işləyib.
1949-cu ilin mayında atası Xüsusi Müşavirənin qərarı ilə yalançı ittihamlarla həbs edilərək Orta Asiyaya sürgünə göndərilib. Artıq dissertasiyası müdafiəyə tam hazır olan Nərmin xanım və anası "xalq düşməninin ailə üzvü” kimi Rusiyanın şimalına - Tomsk vilayətinə sürgün edilib. Burada onlar Sovet həbs düşərgələrinin cəhənnəmini dirigözlü yaşayıblar.img]
Atası 1953-cü ildə - Stalinin ölümündən sonra əvf edilib. Bir il sonra Nərmin xanıma və anasına Cambul şəhərində yaşayan Abdulla Tahirzadənin yanına getməyə icazə verilib. 1955-56-cı illərdə ailə üzvləri bəraət alıb.
N.Tahirzadə 1955-ci ildə Bakıya qayıdıb və Azərbaycan EA Azərbaycan Tarixi Muzeyinə işə girib. 
1956-ci ildə "XVIII əsrin sonunda Rusiyada təhkimli kəndlilər hərəkatının tarixindən” namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb.
Nərmin xanım 1961-ci ildən 1987-ci ilədək muzeyin "XIV əsr - XX əsrin başlanğıcı tarixi ekspozisiyası” şöbəsinin müdiri işləyib. Muzeyin həmin dönəmə aid bütün ekspozisiya və sərgiləri onun hazırladığı mövzu- ekspozisiya planlarına əsasən təşkil edilib.
1963-cü ildən baş elmi işçi olan Nərmin Tahirzadəyə 1973-cü ildə "Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.
Muzey işinə bütün enerjisini sərf edən N.Tahirzadə eyni zamanda XIX əsr - XX əsrin başlanğıcında Azərbaycanda xalq təhsilinin tarixi mövzusunda gərgin araşdırmalar aparıb. 
Bu məqsədlə o, başda Moskva və Leninqrad (indiki Sankt-Peterburq) olmaqla keçmiş SSRİ-nin Azərbaycanla bağlı sənədlərin saxlandığı, demək olar ki, bütün mərkəzi şəhərlərindəki dövlət arxivlərində çalışaraq olduqca zəngin material toplayıb.
Bu materiallar əsasında o, XIX yüzildən üzübəri təxminən yüz illik dönəmdə Azərbaycanda yetişmiş, ancaq adları unudulmuş ziyalıların və mədəniyyət xadimlərinin bir çoxu haqqında ilk dəfə bilgi verən 50-dən artıq çox sanballı elmi məqalə nəşr etdirib və bu yazıların hər birini elmi ictimaiyyət yüksək dəyərləndirib. 
Məsələn, onun Hacı İsmayıl bəy Qutqaşınlının həyat və fəaliyyəti haqqındakı məqaləsi qutqaşınlışünaslıqda tam yeni bir mərhələ sayılıb.
Nərmin xanım XIX yüzildən 1920-ci ilədək Azərbaycandan gedərək Rusiya imperiyasının ali məktəblərində oxumuş yüzədək hərbçi, mühəndis, həkim, hüquqşünas və b. ali təhsilli mütəxəssisimiz haqqında olduqca zəngin material toplayaraq Azərbaycana gətirib. 
Bu materiallar əsasında Azərbaycan tarixi muzeyində müxtəlif fondlar yaradılsa da, sərgilər keçirilsə də, məqalələr yazılsa da onların bir çoxu indiyədək işıq üzü görməmiş qalır.
Nərmin Tahirzadə AMEA Azərbaycan Tarixi Muzeyinin hazırladığı əksər elmi nəşrlərdə yaxından iştirak edib.
Nərmin xanım Tahirzadə muzeydə "Azərbaycanın yeni tarixi ekspozisiyası və fondları” şöbəsinin müdiri işləmişdir. 
Nərmin Tahirzadə uzunsürən xəstəlikdən sonra 17 yanvar 2012-ci ildə vəfat etdi.

Biz bu nurlu xanımla dilçi alim, filoloq-mətnşünas, tarixçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadənin bir yazısında tanıç olmuşuq.

Nərmin xanım haqsız təqib və təhdidlərin acısını zərif çiyinlərində yaşamış, sürgün həyatı keçirmiş, amma qaranlığa, haqsızlığa sinə gərmişdir. Ədalət müəllimin yazısına görə Nərmin xanım SSRİ-nin elə bir tarix muzeyi olmasın ki, orada axtarış aparmasın. Tariximizə, muzeyşünaslığımıza xidmətləri ehtiram ediləcək qədər böyükdür.

 

 

                      Mənbə:/ anaveusaq.az/

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB