Qərib ellərdə saralib solan

Bəli, qapılar qapandı, bağlandı üzümüzə. Bütün xalq, millət yuxudan qafil oyanmış insan təsiri bağışlayırdı. Yarıyuxulu, yarıayıq millət... Key-key ətrafı seyr edən, hələ də nə baş verdiyini anlamayan zavallı, biçarə xalq... Kimi yuxulu-yuxulu, dərk etmədən “Yaşasın Şura hökuməti”, “Yaşasın Lenin” qışqıranların ardınca gedərək kütləyə çevrilir, kimi də yarıayıq bir vəziyyətdə olub-keçənləri seyr edərək qarşıda onları böyük fəlakətlərin gözlədiyini dərk edirdi. Milli hökumət devrilmişdi, bolşeviklər at oynadır, Sarkislər, Mirzoyanlar Bakıda ağalıq edirdilər. Lakin bütün bunlara baxmayaraq azadlıq günəşinin yenidən doğacağına, “Bir dəfə yüksələn bayrağın bir daha yüksələcəyinə” inananlar da vardı. Ümmügülsüm də onların arasında idi:

Günəşim bir daha doğmayacaqmı?

Vəhşi qaranlığı boğmayacaqmı?

Kölgələri zəfər qovmayacaqmı?

Sordum, ümidini sorma dedilər.

1920-ci ilin payızında maarif və mədəniyyət işçilərinin qurultayında çıxış edən N.Nərimanov respublikada 40 min müəllimə ehtiyac olduğunu və bu məqsədlə də ziyalıların kənd və rayonlara göndərilməsinin zəruriliyindən danışdı. Tanınmış ziyalılar rayonlara göndərildi. Bu gün az qala üstündən yüz il keçən o günlərdə bunun nə məqsəd daşıdığını demək çox çətindir. Bəlkə bu göndərişin arxasında paytaxtı ziyalılardan boşaldıb daşnaq ermənilərdən bolşevik ermənilərə çevrilən düşmənlərimizin hakimiyyətə gəlişini sürətləndirmək məqsədi güdülürdü? Bəlkə də Nərimanov bu yolla Azərbaycan ziyalısını “Qırmızı terrordan”, az qala hər məhəllədə qurulan “Çeka”dan (Fövqəladə komissiya) qorumaq istəyirdi?!.

...Seyid Hüseyni də Xızıya müəllim təyin etmişdilər. Və təbii ki, Ümmügülsüm də öz Sübhi Sadiqi ilə bərabər idi. İlk dəfə idi ki, Bakıdan ayrılmışdı Ümmügülsüm. Doğma Xəzərin pıçıltısını eşitmirdi. Yamanca qəribsəmişdi Bakı üçün, doğmaları üçün. O qədər qəribsəmişdi ki, o füsunkar Xızı dağlarının, daşlarının dibindən qaynayıb axan bulaqların gözəlliyini duymaz olmuşdu. Üzünü dağlara tutur, onlarla dərdləşirdi. Dağların arxasında batan günəşi itirilən müstəqilliyimizə bənzədirdi. Qürub çağı qızaran buludlar, nəzərində azadlıq uğrunda axıdılan qana dönürdü.  

Uzaqlarda batan günəşin izi

Qaldı buludlarda pənbə qırmızı

Yenə də qəlbimə zöhrə yıldızı

Hicran qayğıları tökdü a dağlar!

Beləcə Ümmügülsüm öz şeirlərini yazırdı. Seyid Hüseyn isə məktəbdə dərs deyir, müxtəlif hekayələr yazırdı.

1921-ci ildə Xızıda ailənin ilki dünyaya göz açdı. Adını Oqtay qoydular. Azərbaycanın ilk Oqtayı. Yeri gəlmişkən, Rus-bolşevik işğalının ilk illərindən başlayaraq yeni doğulan körpələrə əndərabadi adlar qoymağa başlanmışdı. (Marlen, İosif, Klim, Klara və s.) Məhz bu dövrdə XX əsr Azərbaycan ədəbiyyatının nəhəng simaları türkmənşəli adlar qoyurdular uşaqlarına. S. Hüseyn Oqtaydan sonra doğulan övladlarına Cığatay, Toğrul, Qumral adını verdi. H. Cavid Ərtoğrul, Turan qoydu uşaqlarının adını. C. Cabbarlı Aydın, Gülarə çağırdı çiyərparalarını, Y. Vəzir ilkinə Orxan, Ə. Cavad sonbeşiyinə Yılmaz dedi. Bu da mübarizənin bir yolu idi. Yalanları yayanlara, əcdadını dananlara qarşı inad, dirəniş idi. Kimliyini unutmamaq üçün sonuncu yol, vasitə...

...Bir müddət Xızıda müəllimlik etdikdən sonra Bakıya qayıdırlar. S. Hüseynin yazdığı müxtəlif hekayələr, ədəbi tənqidi məqalələr dövri mətbuatda nəşr olunur. Ümmügülsüm də yazır özü üçün, çap olunmayacağını bilir. Bütün günü evdə uşaqların tərbiyəsi, biş-düşlə məşğul olur. Tez-tez yaxınlıqda yaşayan Müşgünaz xanım (H.Cavidin yoldaşı) onlara gəlir, dərdləşirlər. Gah ötən günlərə qayıdırlar, gah da uşaqlarına baxıb gələcək üçün planlar qururlar.

H.Cavid, Ə.Cavad, Y.Vəzir, S.Mümtaz, Müşfiq gəlib-gedir bu evə. Ədəbi mübahisələr, müzakirələr saatlarla uzanır... Gözəl şəkillər çəkən, rəssamlıq qabiliyyəti olan Yusif Vəzir Oqtayın çəkdiyi şəkilləri bəyənir və ona rəssam olmağı məsləhət görür.

...Vaxt isə sürətlə gedir. Bir qaçaqaç, qovhaqov var hər yerdə. Bütün sahələrdə planlar artıqlaması ilə yerinə yetirilməlidir. O cümlədən, “xalq düşməni” aşkarlayıb ifşa etmək planı da... Axı 1937-ci ildir. 17 ildir ki, sərt şimal küləyi əsir Mil-Muğan düzlərində, Şirvanda. Xəzərin dalğaları sahil qayalıqlarını döyür, NKVD işçiləri də qapıları. Nə dalğaların ardı-arası kəsilir, nə də döyülən qapıların. Artıq Cavid, Cavad, Müşfiq həbsxana divarları arxasındadırlar. Növbədə adam çoxdur hələ. İlk növbədə olanların arasında Seyid Hüseyn də var.

Yazıçının oğlu, xalq rəssamı Oqtay Sadıqzadə:

1937-ci ilin iyun ayının 16-da Novxanıda idim. Günorta dənizə çimməyə getmişdik. Məndən iki yaş böyük olan xalam oğlu Rəsul da (M.Ə. Rəsulzadənin oğlu) bizimlə idi. Evdən xəbər gəldi ki, kimsə Rəsulu soruşur. Rəsul deyinib evə getdi. Təxminən bir saatdan sonra biz də evə qayıtdıq. Xalam, Rəsulun həbs edildiyini xəbər verdi. (Çox sonralar – 50-ci illərin sonunda, vaxtilə “xalq düşməni” kimi həbs edilmiş Cəfər Rəmzi ilə Azərnəşrdə işləyirdim. Ondan Rəsulla bir kamerada olduğunu, həbsdən 3 gün sonra harasa aparılan Rəsulu bir daha görmədiyini öyrəndim.) Bu xəbəri anama çatdırmaq üçün şəhərə qayıtdım. 13-14 yaşlı xalam qızı ilə (sonra onu da xalamla bərabər Qazaxıstana sürgün edəcəkdilər) payi-piyada əvvəlcə Binəqədiyə, oradan İçərişəhərə gəlib çatdıq. Axşam idi. Atam Şüvəlandakı bağımızda idi. Səhər tezdən Şüvəlana gedib ondan da bir xəbər öyrənməli idim... Sən demə həmin gün atamı da həbs ediblərmiş. Bir daha atamı görmədim...

Şura hökuməti isə öz işində idi. İndi növbədə “xalq düşmənləri”nin ailə üzvləri vardı. Ümmülbanu neçə vaxt idi ki, Ümmügülsümün yanında qalırdı. Həm ona həyan idi, həm də fikirləşirdi ki, işdi-şayəd Ümmügülsümü həbs etsələr uşaqlar kimsəsiz qalmasın. Amma sən saydığını say, gör düşmən nə sayır. Əvvəlcə Ümmügülsümü həbs etdilər. Seyid Hüseyndən isə bir xəbər yox idi. 1937-ci ilin çiskinli bir noyabr axşamı qapı döyüldü. NKVD-nin zabitinin əlində Ümmügülsüm Əbdüləziz qızı Rəsulzadə - Sadıqzadənin həbs edilməsi barəsində order vardı.

Xalq rəssamı Oqtay Sadıqzadə:

Evimiz Şirvanşahlar sarayının lap yaxınlığında və küçənin dar olmasına görə dustaq maşını gəlməmişdi. Gələnlər anamı da qabaqlarına salıb piyada İçərişəhərdən çıxdılar. Mən də onlarla gedirdim. Heç birimiz danışmırdıq. İndiki İçərişəhər metrostansiyasının arxasındakı qala qapısından çıxıb maşının gəlməyini gözləyirdik. Maşın gecikirdi. Əynim nazik olduğu üçün anam mənə dedi ki, gedib paltomu geyinim. Qaça-qaça gedib paltomu geyinib gəldim. Küçə bomboş idi...

Ümmügülsümü Bayıl həbsxanasına salırlar. Ara-sıra uşaqları ilə görüş verirlər, məktublaşır uşaqları ilə. Hər görüşdə, hər məktubda Sadiqindən bir xəbər olub-olmadığını soruşur. Cığatayının şeirinə şeirlə cavab verir:

Şeirinin mənimçün qiyməti çoxdur,

Bəzi sözü qəlbə dəyən bir oxdur,

Babandan yaz mənə, xəbərim yoxdur,

Dərdli könül ta narahat olmasın.

Balalarına yazdığı məktublarda bacardıqca özünü sındırmır, ah-nalə qoparmır, çətinliklərin aradan qalxacağını, hər şeyin yaxşı olacağını söyləyir ciyərparalarına. Amma kamerada... Onun ahları özü kimi balalarından ayrı düşmüş onlarla ananın ah-naləsinə qarışır. Kamerada tanış simalar, yaxından tanıdığı qadınlar da az deyil. Şükriyyə xanım, Dilbər...

Təlatümə uğramışız həpimiz,

Qalmamışdır inan daha səbrimiz,

Bir sahil yoxmudur çıxa gəmimiz?

Ağlaşır analar, duyan nərədə?

Həqiqətən də ölkə ucu-bucağı görünməyən qan dənizi idi. Və bu qan dənizində hər gün batan gəmilərdə onlarla günahsız insan boğulurdu.

Kimdənsə bir kömək, bir yardım istəmək mənasız bir şey idi. Dərdli, günahsız insanların iniltilərini, acı fəryadlarını kimsə eşitmir, kimsə duymurdu. Qalın həbsxana divarları bu ahları, nalələri udurdu. Dörd divar arasında ağzınacan günahsız analarla doldurulmuş kamerada həm məcazi, həm də həqiqi mənada özünə yer tapa bilmirdi Ümmügülsüm. Ürəyini boşaltmağa, dərdini söyləməyə bir sirdaş, bir həmdəm arayır, axtarır. Ümidi hər yerdən kəsilir. Özünün də, gözü yaşlı, sinəsi dağlı kamera yoldaşlarının da müsibətini uşaqlıq sirdaşı Xəzərə danışır, ondan kömək istəyir:

Darmadağın eylə dalğalarınla

Bizi dar divara alan qalanı.

Heçliklərə sovur küləklərinlə

Çıxılmaz tilsimə salan qalanı.

Nəymiş təqsirimiz, neyləmişik biz?

Bunu sən sual et, mənim dilim yox.

...Məhkəmənin qərarı ilə Ümmügülsümü 8 il azadlıqdan məhrum edərək Mordvaya göndərdilər.

Yük qatarları gecə-gündüz Sibirə, Uzaq Şərqə gedirdi.

Qatarlar ah-nalə ilə, inilti ilə yüklənmişdi.

Yükü ağırdan ağır idi bu qatarların. Yorulur, tövşüyürdü qatarlar. Bəzən günlərlə hansı stansiyadasa dincini alır, sonra yoluna davam edirdi. 3-4 günlük yolu bir aya, ay yarıma güclə gedirdi qatarlar.

Yük qatarları gecə-gündüz insan daşıyırdı. Günahsız müqəssirləri. Doğmalarından, əzizlərindən, elindən-obasından ayrılanların gözü arxada qalmışdı.

Mən saralıb solan qərib ellərdə

Sözüm dastan olar bütün dillərdə.

Gözüm qaldı çiçəklərdə, güllərdə

Gül dərmədim, düşdüm çəmən ayrısı.

Sürgünəm, düşmüşəm Vətən ayrısı.

...Həbsxana həyatı Ümmügülsümün səhhətini pozur. 1944-cü ildə xəstəliyə tutulduğu üçün onu vaxtından əvvəl azad etsələr də Bakıda yaşamağa icazə vermirlər. Oqtay, Cığatayı da görmür Bakıda. Onları da Sibirə sürgün etmişdilər. Qumral və Toğrula Səyyarə analıq edirdi. S. Hüseynin bacısı qızı Səyyarə.  Uşaqlardan bir neçə yaş böyük olan Səyyarə. Ümmügülsüm 15 yaşlı Qumralla Şamaxıda yaşamağa məcbur olur.

Fiziki və mənəvi işgəncələr üzmüşdü Ümmügülsümü. Vicdansızlığın baş alıb getdiyi bir məmləkətdə həyat göz yaşlarının dərinliyində məhv olurdu. Vəfalı ömür-gün yoldaşından bir xəbər arayırdı. Ayrılığa dözə bilmirdi. Çağırırdı vəfalısını.

Dərdə düşdüm, ayrılığa dözmərəm,

Bu çəməndə sənsiz təkcə gəzmərəm.

Gəlmədikcə göz yolundan üzmərəm

İnsaf elə, gəl vəfalı sevdiyim.

Nə biləydi ki, Seyid Hüseyni hələ 1937-ci ildə Qum adasında güllələyib dalğaların qoynuna atıblar. Haradan biləydi ki, bu dünyada görüşmək bir daha onlara qismət olmayacaq.

1944-cü ildə...

Dağılsa kainat, məhv olsa dünya,

Mən uca göylərdə araram səni –pıçıldayaraq Sübhi Sadiqinin, Seyid Hüseynin ardınca o dünyaya köç etdi. 

 

Mənbə: /irfandergisi.com/

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB