“Xalqımızın bu qələbəyə verdiyi töhfələr onun bəşəriyyət qarşısındakı tarixi xidmətidir”

Firdovsiyyə Əhmədova: “Azərbaycanın II Dünya Müharibəsindəki qəhrənmanlığını əks etdirən ekspozisiyaya böyük ehtiyac var”.
 

“100 illik tarixi ərzində xalqımızın göstərdiyi hərbi şücaətləri əks etdirən muzeyin yaradılması faydalı olardı”

Gələn il Azərbaycan və dünyada II Dünya Müharibəsinin başa çatmasının 75 iliyi qeyd olunacaq. Saytımıza açıqlamasında bu mühüm tarixi yubileyə diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov maraqlı təkliflə çıxış edib. C.Xəlilov Azərbaycanın II Dünya Müharibəsindəki iştirakçılığını, bu müharibədə göstərdiyi qəhrəmanlığı əks etdirən muzeyin yaradılmasının zəruriliyini bildirib.

C.Xəlilovun məlum təklifinə, habelə ölkəmizin faşizm üzərindəki qələbədəki roluna aydınlıq gətirmək üçün tarix üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədovaya müraciət etdik.

-Firdovsiyyə xanım, öncə Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun II Dünya Müharibəsində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqları əks etdirən muzeyin yaradılması təklifi ilə bağlı fikrinizi bilmək istərdik. Sizcə belə bir muzeyin yaradılması nə dərəcədə faydalı olar?

-II Dünya Müharibəsində Azərbaycan xalqının əməyi, verdiyi töhfələri özündə əks etdirən ekspozisiyaya böyük ehtiyac var. Vaxtiylə Azərbaycan Milli Tarix Muzeyində bütün Azərbaycan tarixni əks etirən ekspozisiyalarda II Dünya Müharibəsinə aid ekspozisiya salonları da var idi.

Lakin xeyli müdddətdir ki, binada məkan məhdudluğu üzündən faktiki olaraq Azərbaycan Xalq Cümhuriyyətindən sonrakı dövr, yəni 100 illik tariximizi özündə əks etdirən ekspozisiya fəaliyyət göstərmir. Amma kifayət qədər eksponatlar muzey fondunda saxlanılır. Bu baxımdan, müstəqilliyimiz dövründə də əsgərlərimizin Azərbaycan uğrunda, ərazi bütövlüyümüz uğrunda böyük qəhrəmanlıqlar göstərdiyi halda, onların da qəhrəmanlığını özündə əks etdirən ekspozisiya mövcud deyil. Bunların da olmasına böyük ehtiyac var.

-Faşizmin yalnız Azərbaycan və SSRİ üçün deyil, eləcə də bütün dünyanı hədəf aldığını nəzərə salsaq, söyləmək mümkündürmü ki, Azərbaycan xalqının faşizmə qarşı mübarizədə verdiyi qurbanlar həm də bütün bəşəriyyətin rifah və qurtuluşuna xidmət  edib?

-Təbii ki, faşizm üzərində qələbə ümumbəşəri bir hadisədir. Faşizm iqrçilikdir. Biz özümüz də ermənilərin təcavüzündən əziyyət çəkən bir xalqıq. Azərbaycan xalqının nümayəndələri ümumbəşəri təhlükəyə qarşı mübarizədə canlarından keçmiş, həmçinin ölkənin bütün iqtisadiyyatı, bütün resursu bu mübarizəyə cəlb edilmişdi. Birmənalı şəkildə Azərbaycanın yanacağı – Bakı nefti qələbə əldə etməyin rəhni idisə, digər tərəfdən Azərbaycan xalqı, onun hər bir fərdi bütün məhrumiyyətlərə dözərək özünnün bütün imkanları ilə qələbənin əldə edilməsinə çalışmışdır.

Azərbaycan xalqının bu böyük müharibədə qələbəsini əks etdirən muzeyin yaradılması təqdirəlayiq olardı. İstərdim ki, Azərbaycanın 100 illik tarixi ərzində xalqımızın göstərdiyi hərbi şücaətləri əks etdirən muzey yaradılsın.

-Firdovsiyyə xanım, zaman-zaman bu cür fikirlər də səsləndirilir ki, guya sovet dönəmində xalqımızın istər ön, istərsə də arxa cəbhədə göstərdiyi fədakarlıqlar Azərbaycanın deyil, daha çox sovet imperiyasının marağına xidmət edib. Sizcə verilən itkilərə, qazanılan qələbələrə, göstərilən fədakarlıqlara bu cür münasibət bəsləmək, onların önəmini və əhəmiyyətini azaltmaq nə dərəcədə doğrudur?

-Bəli, bu cür fikirlər mövcuddur. Bəziləri hesab edir ki, SSRİ dövründə tökülən qanlar, verilən qurbanlar Azərbaycanın maraqlarına xidmət etmirdi. Bu, düzgün yanaşma deyil. Çünki həmin dövrdə Azərbaycan müttəfiq bir respublika kimi SSRİ-nin tərkibində idi. SSRİ-ni də ümumi vətən bilərək bu müharibəyə yollanmışdılar. Nəzərə alaq ki, faşizm sadəcə sovet dövlətinə yönələn bəla deyildi. Bu bəla bütün bəşəriyyəti, eləcə də Azərbvaycanın özünü təhdid edirdi. Odur ki, Azərbaycan xalqının faşizmə qarşı apardığı mübarizə həm onun özünün, həm də bütün bəşəriyyətin mənafeyi, təhlükəsizliyi və rifahı baxımından mühüm önəm kəsb edirdi və odur ki, bu mübarizənin əhəmiyyətini əsla azaltmaq olmaz.

-Sizcə ölkəmizin II Dünya Müharibəsində göstərdiyi qəhrəmanlıqları əks etdirən muzeyin yaradılması gənc nəslin  vətənpərvərlik ruhunda tərbiyəsi işinə də kömək edə bilərmi?

-Əlbəttə. Dünyaya yönəlik faşizm təcavüzünün qarşısının alınmasında Azərbaycanın oğlan və qızları öz canlarından keçdilər. Əgər onlar öz həyatları hesabına belə bir möhtəşəm tarix yaradıblarsa, bu tarix onların öz vətənində də  öz əksini tapmalıdır. İndiki gənc nəsil də bu cür qəhrəmanlıq, rəşadət nümunələrindən örnək götürməlidir.

-Faşizm üzərindəki qələbədə Azərbaycan xalqının müstəsna əməyinin olmasına baxmayaraq, adətən bu qələbə ilə bağlı nəhəng dövlətlər daha təntənəli yubileylər keçirir, sanki belə bir təəssürat yaranır ki, digər dövlətlərin bu müharibədəki əməyi ikinci dərəcəli rola malik olub. Sizcə zamanla Azərbaycanın da bu məsələdə öz haqlı, layiqli yerini alması tarixi ədalətin bərpası baxımından da məqsədəuyğun olmazmı?

-Şübhəsiz. Hesab edirəm ki, II Dünya Müharibəsinin qalibləri yubileyləri qeyd edərkən dünyanın böyük dövlətlərin başçıları bu tənrənələrdə iştirak edirsə, bu qələbənin qazanılmasında mühüm xidmətləri olan Azərbaycanın, onun nümayəndələrinin də bu qələbəyə öz böyük töhfəsini verən bir xalq kimi orada yer almağa daha çox haqqı var. Bu səbəbdən də biz ilk növbədə özümüzdə II Dünya Müharibəsində Azərbaycan xalqının hərbi şücaətini əks etdirən hərbi ekspozisiyanı bir muzey formasında təşkil etməliyik. Bundan sonra xaricdən gələn qonaqlarımıza faşizmə qarşı mübarizədə verdiyimiz töhfəni təqdim edə bilək. Amma çox yaxşı olardı ki, 100 illik tarix ərzində hərbi şücaətimizi özündə əks etdirən muzey yaradılsın və II Dünya Müharibəsinə aid eksponatlar da bu muzeydə yer alsın”.

 

Mənbə: /moserator.az/

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB