"Doğma qəriblər" bədii-sənədli filmin təqdimat mərasimi keçirilib

Sentyabrın 14-də Beynəlxalq Mətbuat Mərkəzində “Aydınlığa Doğru” Milli mənəvi dəyərlərin qorunması İB-ni layihəsi olan və Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə çəkilmiş “Doğma qəriblər” sənədli filminin təqdimatı oldu. Film Qafqaz İslam Ordusunun 100 illiyinə ithafdır. 

Təqdimat mərasimində tarixçilər, ziyalılar, mətbuat nümayəndələri iştirak etdilər.

“Doğma qəriblər” filmi Cümhuriyyət tariximizdə ən önəmli səhifələrdən sayılan hadisə - Qafqaz İslam Ordusunun zəfər yürüşü ilə bağlı tədqiqatçılara ciddi araşdırma mövzusu verir. Belə ki, Ordunun əsas marşrutundan kənarda - Azərbaycanın Şimal bölgəsində aşkar edilmiş şəhid məzarları 100 il öncəki tarixin yeni təfərrüatlarını üzə çıxarır. Film çox maraqlı bir məqamı vurğulayır: dünya gücləri tarixi saxtalaşdırmağa, faktları gizlətməyə nə qədər çalışsalar da, insan yaddaşı bir çox həqiqətlərin daşıyıcısıdır. Elə məhz bu yaddaş vaxtilə Azərbaycan uğrunda canından keçmiş mehmetciklərin qərib məzarlarını itməyə qoymayıb, sovet rejiminin dəhşətli yasaqlarına rəğmən, onları müqəddəs ziyarətgah kimi qoruyub saxlayıb... 
“Doğma qəriblər” tarixə münasibətdə əsil vətəndaş mövqeyinin parlaq təzahürüdür. Müsahiblər tarixçilər, tədqiqatçılar, jurnalistlər deyil – kənd müəllimləri, həkimlər, ağsaqqalar, 100 illik tarixi ata-babalarının, canlı şahidlərin söhbətlərindən bu günə qədər əmanət kimi qoruyub çatdıran insanlardır. Filmin yaranması təşəbbüsü də məhz onlara məxsusdur. 
Təqdimat mərasiminə dəvət almış ziyalılar nümayişdən sonra təəssüratlarını bölüşdülər. Professor Şahlar Əsgərov, məşhur dramaturq Əli Əmirli, Milli Məclisin deputatı Fazil Mustafa filmin daşıdığı informasiyanın dəyərini vurğuladılar, İstiqlal tariximizin araşdırılması ilə bağlı hər cəhdin qiymətli olduğunu söylədilər, gözəl nəticə əldə etmiş yaradıcı heyyəti təbrik edərək uğurlar arzuladılar.

 

“Aydınlığa doğru” İctimai Birliyinin

mətbuat xidməti

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB