“Doğma qəriblər” sənədli filminin çəkilişləri başlanıb

 “Aydınlığa doğru” İB-nin nəzdindəki  ADTV studiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Doğma qəriblər” filminin çəkilişlərinə başlanıb. 
 
Azərbaycan müstəqillik tarixinin 100 illiyini qeyd edir. Yubiley şərəfinə şanlı tariximizin səhifələri vərəqlənir, uzun illər arxivlərdə gizlədilən sənədlərin köməyi ilə bir əsr öncə baş vermiş əhəmiyyətli hadisələrin yeni təfərrüatları açıqlanır.
 
“Aydınlığa doğru” İctimai Birliyinin təklif etdiyi layihə Qafqaz İslam Ordusunun Azərbaycana möhtəşəm yürüşünün indiyədək məlum olmayan detallarını açıqlamaq, bəzi maraqlı faktları diqqətə çatdırmaq məqsədi daşıyır. Belə ki, 100 il öncə, yeni qurulmuş Demokratik Cümhuriyyəti və azərbaycan xalqını bolşeviklərin, daşnak birləşmələrinin amansız təcavüzündən qorumaq üçün yardıma gələn xilaskar Ordunun əsas hərəkət marşrutundan kənarda – Azərbaycanın şimal bölgələrində türk mehmetciklərinin kütləvi məzarlarının mövcudluğu tarixi bir də araşdırmaq üçün əsas verdi.  
 
Maraqlıdır ki, türk şəhidlərin qəbirləri SSRİ adlı xalqlar həbsxanasının mövcud olduğu 70 il ərzində sadə insanlar tərəfindən “şəhidlik” adı ilə əziz tutulub. Türk birliyinin aydın nişanələri olan bu məzarlıqlar tarixi unutdurmağa çalışanların bütün ciddi-cəhdlərinə, təhdidlərinə rəğmən az qala ziyarətgah kimi qorunub. “Doğma qəriblər” filminin ideyası da elə buradan yaranıb.  
 
Filmin çəkilişlərindən öncə Azərbaycanın şimal bölgələrində - Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz və Şəkidə ekspedisiyalar aparıldı. Yerli sakinlərlə söhbətlər əsnasında sual doğuran bəzi məqamlar açıqlandı, hazırda yaşı 50-ni ötən insanların baba və nənələrinin dillərindən eşitdikləri şahid ifadələri sistemləşdirildi və toplanan informasiyadan xronologiya yarandı.  Bundan dərhal sonra çəkilş qrupu yola düşdü və 3 gün ərzində 4 bölgədə 10-dan artıq müsahibə alındı. Bəzi yerlərdə sakinlərin, bəzilərində dövlət qurumlarının hesabına abadlaşdırılmış məzarlardan başqa, onlarla baxımsız şəhid qəbirləri üzə çıxdı. 
 
Tarix üçün 100 il uzun müddət sayılmaz. Bir vaxtlar qüdrətli Sovetlər imperiyasının arxivlərində məxfi qrif altında saxlanılan məlumatlar nəinki Azərbaycan, hətta Türkiyədə də yenilik kimi qarşılanır.  Və belə məlum olur ki, Azərbaycan torpaqlarında şəhid olmuş mehmetciklərin ümumi siyahısında şimal bölgələrində dəfn edilən türk əsgərləri barədə heç bir qeyd keçməyib. Kim bilir, bəlkə də qardaş yardımına gələn, dada yetişən qəhrəmanların varisləri itkin düşmüş babalarını axtarmaqdadırlar. İstənilən halda, 100 il öncə Azərbaycan torpağını qanıyla suvarmış, xalqımızı canı bahasına düşməndən qorumuş hər bir şəhidin boynumuzda haqqı var. Və qərib məzarlar üzərində  qardaş cümhuriyyətin bayraqlarının qoşa dalğalanması bu haqların ən böyüyüdür.        
 
“Doğma qəriblər” filminin yeni araşdırmalar üçün mövzular verəcəyinə ümid edirik.  Faktları düzgün işıqlandırmaq yalnız tarixçilərin deyil, vətəndaş olaraq hər birimizin öhdəsinə düşən vəzifədir. Əslində 100 il əvvəlki olaylara münasibətimizlə, məsuliyyətimiz, imanımız, vətənpərvərliyimizlə biz özümüz tarix yazırıq – bu günümüzün tarixini...
 

 

“Aydınlığa doğru” İB  mətbuat xidməti

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB