İlk azərbaycanlı musiqişünas qadın

İlk azərbaycanlı musiqişünas qadın, Azәrbaycan musiqişünaslığının tәşәkkülü, musiqi tәһsili vә mәdәniyyәtinin inkişafında әһәmiyyәtli xidmәtləri olan Azərbaycanın əməkdar incəsənət xadimi (1943) Xurşid Həsən bəy qızı Ağayeva 20 aprel 1906-cı ildə Bakıda anadan olmuşdur. Xurşid Ağayeva 1918-1920-ci illərdə Azərbaycan Respublikası Parlamentinin ilk sədrinin birinci müavini olmuş Həsən bəy Ağayevin qızıdır. Anası Xədicə xanım Ağayeva haqqında Xurşid xanım xatirələrində qeyd edir: "Gəncədə Ağayeva Xədicə rəfiqələrinə kimsəsiz uşaqlara (onların sayı çox idi) yardım üçün qadın xeyriyyə cəmiyyəti yaratmağı təklif etdi. Dörd illik Birinci Dünya müharibəsi, inqilabi qalmaqal bu bədbəxt yetimləri evsiz və çörəksiz qoymuşdur. Elə burada, Gəncədə o, Adıgözəlov adına şəhər qadın məktəbində müdirlik etməyə başlayır, lakin öz hamilərini yaddan çıxarmırdı." Ziyalı ailədə böyüyən Xurşid Ağayeva orta təhsilini bitirdikdən sonra 1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir . Azərbaycan musiqisinə və onun tarixinə olan marağı Xurşid xanımı Konservatoriyaya gətirmişdir. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli haqqında ilk monoqrafiyanın müəllifi də məhz Xurşid Ağayevadır.

Azərbaycan Dövlət Konservatoriyasında musiqi tarixindən dərs demiş, elmi işlər üzrə prorektor (1944-1946) olmuşdur. O, 1930-cu ildə isə musiqiçi müəllimlərin Moskva İxtisasartırma İnstitutuna oxumağa göndərilmişdir. Xurşid xanım musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsi üzərində işləmişdir. Xurşid Ağayeva 1940-cı ildən Azərbaycan Dövlət Konservatoriyasının prorektoru vəzifəsində çalışmışdır. Xurşid Ağayeva "Üzeyir Hacıbəyov" monoqrafiyasının, Azərbaycan musiqisinə aid bir sıra məqalələrin, "XIX əsrdə Azərbaycan musiqi mədəniyyəti ocaqları" (vəfat etməsi ilə əlaqədar tamamlanmamışdır) əsərinin müəllifidir. Xurşid Ağayeva 3 dekabr 1953-cü ildə Bakı şəhərində vəfat etmişdir. Görkəmli oftalmoloq Bahadur Eyvazovun həyat yoldaşı, Xarici Dillər universitetinin müəllimi Sevda Pepinovanın anası, nənəsinin davamçısı olan musiqişünas Xurşid Abdullayevanın nənəsidir. Ağayeva Xurşid Həsən qızının nəvəsi - klavesin sinfi üzrə Bakı Musiqi Akademiyasının dosenti, Azərbaycan Respublikası Dövlət xor kapellasının direktoru Abdullayeva Xurşid Lütfəli qızı nənəsi haqqında xatirələrini yada salır: Nənəm - Ağayeva Xurşid xanım 1906-cı ildə Bakıda anadan olmuşdur. O, pianoçu kimi Bakı konservatoriyasını, musiqişünas kimi Moskva konservatoriyasını bitirmişdir. O, Azərbaycanda ilk musiqişünas qadındır, Ü.Hacıbəyov haqda birinci monoqrafiyanın müəllifi, Azərbaycanın əməkdar incəsənət xadimidir. Bütün həyatı boyu Bakı konservatoriyasında dərs demiş, hətta konservatoriyanın prorektoru olmuşdur. Müasir Azərbaycan musiqisi haqda bir çox əsərlərin müəllifidir. Anamdan ailə albomu qalmışdır, burada təkcə bizə doğma olan şəkillər deyil, qeydlər də vardır. Ailə albomunda Xurşid xanımın böyük nənəm Xədicəyə və onun bacısı Zeynəbə həsr etmək istədiyi qeydlərdən: "Adi həyatda, hələ uşaqlıqdan təzahür edən intellektual imkanlarının, ürək genişliyi, açıqlıq, başqalarının ağrı və sevinclərini başa düşmək qabiliyyəti ilə uzlaşan insanlara tez-tez rast gəlməzsən. Tarixdə vunderkindlərin və ya yetkin yaşında soyuqluq həddini keçə bilməyən və dözülməz təkəbbürlərinin qurbanı olmuş və ya əksinə, illər keçdikcə öz unikallığını itirmiş, ən adi insana çevrilmiş şəxslərin adı məlumdur. Xədicə Ağayeva (qızlıqda Əbdürrəhmanova) və Zeynəb Əbdürrəhmanova bacılarını uşaqlıqda "möcüzəli uşaq" sayırdılar. Onları bütün həyatları boyu digər keyfiyyətlər fərqləndirirdi: insanlıq, mərhəmət, insanlarla bölüşməyi bacarmaq, zəngin bilik, könül istiliyi. Onların hər ikisi Daşkənddə, zadəgan ailəsində doğulmuş, hər ikisi qadın gimnaziyasını bitirmişdir. Onlar çox gözəl oxuyurdular. Xədicənin uğurları gümüş medalla mükafatlandırılmış, Zeynəb isə ən yüksək şagird mükafatına: qızıl medala layiq görülmüşdür. Qızların hər ikisi, bütün Rusiyada Nəcib Qızlar İnstitutu kimi tanınmış, ən imtiyazlı və qapalı qadın məktəbində oxumaq üçün Peterburqa gedirlər. Bəli, oraya yalnız zadəgan ailələrindən olan qızlar düşə bilərdilər, lakin yüksək cəmiyyətə, ali zadəganlığa aidlik, əsası 1764-cü ildə qoyulmuş məktəbə qızların qəbuluna təminat vermirdi. O uzaq illərdə deyildiyi kimi, əsl «institutka» olmaqdan əvvəl, qızlar çətin və gərgin imtahandan keçməli oldular. Beləliklə, onlar, bütün mədəni Avropada tanınmış bu tədris müəssisəsində, demək olar ki, yeganə müsəlman qızlar oldular. İnstitut həyatının, təhsilin, məşhur Karneqi tərəfindən tikilmiş binanın əyalət qızlarına necə təsir bağışladığını ancaq başa düşmək olar. Lakin bir dəfə Xədicə bir elanda oxuyur ki, neft sənayeçisi, milyonçu və mesenat Z.Tağıyev öz qız məktəbində işləmək üçün təhsilli müsəlman qadınları dəvət edir. Maarifçilik və humanizm prinsipləri ilə tərbiyə almış Xədicə özünün qəti seçimini edir: o, Bakıya gəlir və Tağıyev məktəbinin müəllimi olur. Bu gündən etibarən onun həyatı pedaqogika ilə bağlı olacaq. Böyük bacı Zeynəb xanım Əbdürrəhmanova da Z.Tağıyevin dəvətilə Bakıya qayıdır, lakin artıq diplomlu həkim-ginekoloq kimi. O, Tağıyev fabriklərində və mədənlərində işləyən qadın işçiləri müalicə edəcək. Tezliklə onun adı elm və tibb dairələrində məşhur olacaq, tibbə isə o, bütün gücünü və həkimlik məharətini həsr edəcək. Bakıda Əbdürrəhmanova bacılarının ailə həyatı baş tutur. Kiçiyi, Xədicə məşhur həkim və ictimai xadim Həsən bəy Ağayevə ərə gedir. İllər keçəcək, o, Azərbaycan Demokratik Respublikası Sədrinin müavini olacaq. Zeynəbin əri isə, istedadlı mühəndis, Nobel və Tağıyev müəssisələrinin müdiri Naqo Tambiyev olacaq. O, kabardin folklorunun ən böyük toplayıcısı və ilk kabardin əlifbasının tərtibçisi kimi məşhur olacaq. Azərbaycanda insanpərvər və xüsusilə də hörmətli sayılan peşələrin - həkim və pedaqoq - nümayəndələri, nəinki maarif və tibb sahəsində fədakarlıqla işləyir, həm də yeni ideya və yanaşmaların əsl yaradıcıları olmuşlar. Onların əməyi dəfələrlə hökumət tərəfindən qeyd edilmişdir, Xədicə xanım Ağayeva isə 1949-cu ildə ölkənin ən yüksək mükafatı - Lenin ordeninə layiq görülmüşdür. Xədicə Ağayeva və Zeynəb Əbdürrəhmanova bacılarının həyat yolu parlaq və işıqlı olmuşdu. Onlar özlərinin qeyri-adi ağıl və biliklərini, illər keçdikcə isə böyük təcrübələrini Azərbaycana vermişlər".

 

Mənbə: /wikipedia.az/

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB