Cənubi Qafqazın ilk qadın jurnalisti

 

Cənubi Qafqazın ilk qadın jurnalisti

XX əsrin əvvəllərində müsəlman türk qadınlarının cəmiyyətdə yeri və rolunu göstərən, qadınlar arasında təhsilin, maarifçiliyin yayılması üçün fədakarlıqla çalışan, onların təşkilatlanmasında, öz hüquqları uğrunda mübarizə aparmasında böyük rol oynayan Şəfiqə xanım Əfəndizadə öz dövrünün taleyüklü problemlərini zərif çiyinlərində daşıyan qadın fədailərimizdəndir.

Şəfiqə Məmmədəmin qızı Əfəndizadə 1882-ci ildə Gürcüstanın tarixən türklərin (Ahıska) yaşadığı Cavahetiya bölgəsində, Axalsıxe rayonunun Asğuri kəndində dünyaya göz açıb.

“Azərbaycan” qəzetinin 1 may 1919-cu il (№  170) sayında “Yol əsnasında gördüklərim” məqaləsində Ş. Əfəndizadə doğma vətəni haqqında məlumat verir: “Keçən sənə avqust ayında Bakıdan çıxıb altı aydan bəri əhvalından xəbəri­miz olmadığı vətənimiz olan  Axisxaya  getdik”.

Şəfiqə xanım Əfəndizadənin  yüksək təhsil almasında, milli ruhlu ziyalı qadın  kimi yetişməsində doğulub boya-başa çatdığı ailəsinin və mühitin ciddi təsiri olmuşdur. Dövrünün tanınmış pedaqoqu və ziyalısı Məmmədəmin Şeyxzadənin ailəsində dünyaya göz açan Şəfiqə xanım və bacısı Səidənin  ilk təhsilləri ilə  şəxsən ataları məşğul olub.  Uşaqlıqdan elmə, biliklərə marağı olan  Ş. Əfəndizadə  fərqli dünyagörüşü ilə də seçilib.

On dörd yaşında ikən o, Nuxa (indiki Şəki) şəhərinə gəlmişdir. Burada atasının çalışdığı “Darrüssiyada” məktəbinin nəzdində qızlar üçün açılmış xüsusi qrupda dərs deməyə başlamışdır. Həmin il Bakıya gələn Ş. Əfəndizadə qadınların  savadsızlığına qarşı mübarizəyə başlayır.

Bu dövrdə ənənəvi müsəlman və qabaqcıl  Avropa sivilizasiyalarının elementlərini özündə birləşdirən yeni mədəniyyət təşəkkül tapmışdı. Qadın təhsilinin və bütövlükdə Azərbaycan qadınının cəmiyyətdəki vəziyyətinə baxışların transformasiyası baş verirdi ki, bu zaman dövrün aparıcı ziyalıları qadın təhsilinin genişləndirilməsi ilə bərabər Azərbaycan qadınının ictimai həyata cəlb olunması uğrunda  daha fəal çıxış etməyə başladılar. Şəfiqə xanım Əfəndizadə bu hərəkatın öncüllərindən biri kimi öz fəaliyyətini genişləndirir. Dövrün ictimai-mədəni problemlərinə, cəmiyyətdə gedən proseslərə münasibət  bildirməkdən çəkinməyən  Ş. Əfəndizadə xalqın rifah və təhsil səviyyəsini  qadınların azad olması ilə əlaqələndirir, bu məsələlərin həllini qızların təhsilində və tərbiyəsində görürdü.

1901-ci ilin oktyabrın 7-də  İmperatriçə Aleksandra Fyodrovna adına Bakı rus-müsəlman qız məktəbinin açılışı olur.  Bununla da, müsəlman Şərqində qadınların yüksək təhsil almasının təməli qoyulur. Görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanov Məmmədəmin Şeyxzadəyə məktub yazaraq ondan qızını həmin məktəbdə dərs deməyə göndərməsini xahiş edir. Ata bu dəvətdən məmnun qalır. Ancaq qızının dövlət məktəbində təhsil almadığı üçün belə bir hüququ olmadığını bildirir. Belə olan halda Şəfiqə Əfəndizadə 1901-ci ildə Tiflisdə Zaqafqaziya Ruhani İdarəsində imtahan verərək müəllimlik attestatı alır. Sonra yenidən Bakıya  dönür.  Qeyd edək ki, Ş. Əfəndizadə  həmin il rus-müsəlman qızlar məktəbində  dərs deyən Məryəm  Sulkeviç, Rəhilə  Terequlov, Səkinə  Axundova, Xədicə  Əbdürəhmanovla birlikdə çalışır,  bu tədris ocağında ana dilini tədris edir.  O, cəhalətin hökm sürdüyü bir  vaxtda  müəllimə  rəfiqəsi  Səkinə Axundzadə ilə birlikdə dram dərnəyi yaradır. Avropa mədəniyyəti ilə yaxından tanış olan Şəfiqə xanım Əfəndizadə Azərbaycan dili və ədəbiyyatını tədris etməklə bərabər, dünya  klassiklərinin  əsərlərinin də öyrənilməsinə  çalışırdı. Qızlara teatr mədəniyyəti, aktyorluq sənəti barədə məlumatlar verməklə kifayətlənməyən  Ş. Əfəndizadə onları o dövrdə çıxan mətbuat xülasələri ilə cəmiyyətdə baş verən proseslərlə tanış edirdi.

Şagirdlərdə Azərbaycan ədəbiyyatına maraq və həvəs yaradan pedaqoq  qızlara nəinki ədəbi əsərləri, dərslikləri oxumağı, eyni zamanda  sərbəst,  aydın,  savadlı yazmağı da öyrədir. Gənc qızların yüksək təhsil almasına çalışan  Şəfiqə xanım 1910-cu ilədək bu məktəbdə müəllimə işləyir. Fars, rus və ərəb dillərini, Şərq klassik ədəbiyyatını dərindən öyrənən bu gənc pedaqoq eyni zamanda, qadın pedaqoji məktəbindəki müəllimlik kurslarında da dərs deyir. Ş. Əfəndiyeva şəhər rus-tatar qız məktəbində (1910-1920), ikiillik pedaqoji kursda (1915-1916), darül-müəllimatda (1920-1926), Azərbaycan partiya və sovet məktəbində (1923-1927) pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Ş. Əfəndizadə pedaqoji fəaliyyəti ilə bərabər həm də ilk qadın jurnalistlərdən biri olaraq publisistik fəaliyyətlə də məşğul olur. Bəli, Azərbaycan mətbuatında qadın imzasının  az təsadüf olunduğu bir dövrdə Şəfiqə xanımın imzasını  “Şərqi-rus”, “Dəbistan”, “Rəhbər”, “Məktəb”,  “Füqara füyüzatı”, “Şərq qadını” ilə yanaşı  milli azadlıq məfkurəli “Dirilik”, “Açıq söz”, “Azərbaycan” kimi mətbu orqanlarında da tez-tez görmək olurdu. Publisistik  baxımından çox alovlu və yanğılı  məqalələrini çap etdirən Ş. Əfəndizadə  ictimai həyata, dövrün  aktual problemlərinə öz münasibətini konkret faktlar və hadisələrin  timsalında bildirməkdən çəkinmir, cəmiyyətin inkişafına mane olan ünsürlərə qarşı etiraz səsini qaldırır. Ş. Əfəndizadə qadınların mənəvi-ictimai təkamülünün başlıca çarəsini onların azad olmasında, özlərini dərketmələrində görürdü.

İlk azərbaycanlı qadın-jurnalist Ş. Əfəndizadə ilk qələm təcrübəsini 1903-cü ildə “Şərqi-rus” qəzetində sınayır. O bu qəzetdə  dərc etdirdiyi məqalələrində nəinki qadınların, ümumilikdə  xalqın  milli taleyini,  cəhalət, zülmət əsarətindən  çıxmaq yolunu  yalnız maarif və  təhsilə yiyələnməkdə  görürdü: “Ümidlərimiz çox böyükdür... Hər bir rəzalətin səbəbi cəhalətdir. Cəhalətdən çıxmağın dərmanı isə elmdir, maarifdir...”

“Dəbistan”, “Məktəb”, “Dirilik”, “İşıq”  jurnalları ilə əməkdaşlıq edən Ş. Əfəndizadə bir pedaqoq kimi bu mətbuat orqanlarında əsasən tədrisin vəziyyəti, təlim-tərbiyə, əxlaq, vətənpərvərlik mövzusuna daha çox yer verirdi. Bu yazılarında qadın hüquqsuzluğu və savadsızlığının cəmiyyətin inkişafına mənfi təsirini tənqid edən böyük pedaqoq ailə tərbiyəsinin uşaqların həyatında oynadığı mühüm rolu, müsəlman qadınının əqli və mənəvi inkişafının təhsildən başlandığını, yeni təhsil formalarının əhəmiyyətini  əsaslandırır.  Onun uşaqların həyatından bəhs edən və bu mətbuat orqanlarında dərc olunan məqalə və ilk hekayələri –“Tərbiyeyi-beytiyyə”. "İki qızın söhbəti", "Şəkər alması", "Vəhşilər çörəkçisi", "İlk məhəbbət", "Röya", "Müəllim nədir", "Mükafat" və başqa əsərləri uşaq ədəbiyyatının ilk nümunələri və uşaqlara doğma vətənə məhəbbət, xeyirxahlıq, mərdlik, doğruçuluq kimi gözəl keyfiyyətlər aşılanması baxımından  qiymətlidir.

Qadınların ictimai həyata cəlb olunmasına çalışan Ş. Əfəndizadə Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin  üzvü kimi də cəmiyyətin qarşısında duran problemlərin həllində və bütün tədbirlərində iştirak etməklə fəaliyyətini genişləndirir.   Bu xeyriyyə cəmiyyətinin fəaliyyətini  Şəfiqə xanımın  “Azərbaycan” qəzetinin  8 iyul 1919 ( №219) tarixli nömrəsində  “İzhari-təşəkkür”  adlı minnətdarlıq yazısı özündə əks etdirir: “Bakıda yaşayan əshabi-həmiyyətdən adını bildirmək istəməyən alicənab bir zat Bakıda mövcud yetimlər yurdunu ziyarətlə çocuqların ehtiyaclarını nəzəri-diqqətdən keçirmiş. Və şimdilik bayram münasibətilə çocuqların maddi cəhətlərini təmin etməyi lazım bilib”.
Xeyriyyə cəmiyyətinin qeyrətli və çalışqan qadınlarının köməyi  ilə həyata keçirilən bu xeyirxah işdə əhəmiyyətli şəxs tərəfindən maliyələşdirilən bu tədbirdə yetimlər evində 102 nəfər istər oğlan – istər qız balaları həm paltar və həm ayaqqabılarla təmin edilərək sevindirilir. Ş. Əfəndizadə  yazının sonunda: “İştə bu həmiyyətli alicənab əfəndi həzrətlərinə həm yetimlər yurdu və həm xanımlar tərəfindən ərzi-təşəkkürlər etməklə böylə alicənab şəxslərin əmsalını artıq eləməsini  xudayi-mütəalidən diləriz”   yazmaqla minnətdarlığını bildirir .

1917-ci il aprelin 15-20-də  Ş. Əfəndizadə  Cənubi Qafqaz müsəlmanlarının I qurultayında Sara xanım Talışinskaya və Sara xanım Vəzirova ilə birlikdə Şərq qadınlarının müdafiəçisi kimi iştirak edir.  Çıxışının sonunda “Yaşasın qadın azadlığı! Hürriyyət!” deyərək tribunadan  enir. (“Açıq söz” qəzeti, 1917, 16 aprel (№ 451) Qadın hüquqsuzluğu barədə odlu-alovlu çıxışı ilə zaldakıları heyrətə gətirən Ş. Əfəndizadə yeni məktəblərin, teatrların açılmasını tələb edir ki. bu da o dövr  Azərbaycan  mühiti üçün nadir hadisələrdəndir. Maraqlıdır ki,  həmin qurultayda qəbul edilmiş qərarda göstərilirdi ki, başqa xalqların qadınları ictimai-siyasi həyatda kişilərlə bərabər fəaliyyət göstərərək öz millətinin tərəqqisi üçün çalışan zaman Azərbaycan qadınları bu prosesdən kənarda qala bilməz. Sənəddə, o cümlədən Azərbaycan qadınlarının siyasi və vətəndaşlıq hüquqlarının kişilərlə bərabərliyinin zəruriliyi qeyd olunurdu.

“Qadınlıq ləyaqəti” (“Dirilik”,1914,  № 8), “Qadınlarda dirilik və nöqsanat” (“Dirilik”, 1914, № 7), “Mövqeyimiz və ehtiyacımız” (“Açıq söz”, 2 oktyabr 1915, № 1), "Qadın  seçkisi " (“Açıq söz”, 20 oktyabr 1917, № 593), "Seçki və qadınlar" (“Açıq söz”, 26 oktyabr 1917, № 598), “Yol əsnasında gördüklərim” (“Azərbaycan”, 1 may 1919, №170), “Dağıstan günü” (“Azərbaycan”, 6 may 1919, №173), “İslamların, türklərin” (“Azərbaycan”, 15 may 1919, №181), “Təşkilatın qadınlara təsiri” (“Azərbaycan”, 28 may 1919,  № ),  "Milli bayram və qadınlarımız" ("Azərbaycan", 5 iyun 1919-cu il, № 196), "Vətən bizim sevgili anamızdır" (“Azərbaycan”, 25 iyun 1919, №211), "Xanımlarımıza müjdə" (“Azərbaycan”, 22 sentyabr 1919-cu il, № 302) və bu səpkili digər məqalələrində əxlaqi-mənəvi tərbiyə, qadınların cəmiyyətin ictimai-siyasi proseslərində, habelə  seçkilərdə iştirakının əhəmiyyəti, millətin inkişafında  qadın hüquqlarının qorunması məsələləri   öz  əksini tapır.

1915-ci ildə “Açıq söz” qəzetinin ilk nömrəsi çapa hazırlanarkən  redaksiya heyəti  “Abdulla Şaiq əfəndinin bir şeiri ilə bir neçə mühərrirlərimizin məqalələri dəxi yer olmadığından bu nömrəyə basılamayıb bilzərurə təxirə düşdü”  yazır. Belə bir məqamda Ş. Əfəndizadənin  “Mövqeyimiz və ehtiyacımız” məqaləsinin ilk sayda çap edilməsi ilk azərbaycanlı jurnalistə və onun yazılarının aktuallığlna və əhəmiyyətinə verilən dəyərdir.  Dövr üçün əhəmiyyətli bir problemə həsr olunan bu yazı qadınların cəmiyyətdə tutduqları ictimai mövqeyə aydınlıq gətirir: “Hamıya məlumdur ki, vilayətimizdə, yaşadığımız mühitdə biz müslimə qadınlar ara­sında dərdimizə qalan, əhvalımıza ağlayan, bizə nicat yolu göstərən, aramızda işçilik, sənət hünərlərini nəşr etməgə çalışan cəmiyyətlər görülmüyor”.

Kor-koranə surətdə ancaq məişətdə dəyişilən qadınlar hələ də zahiri və maddi cəhətdən yeniliklə  kifayətlənirlər.  Cəmiyyət üçün əsas və vacib olan ictimai və iqtisadi məsələlərdə isə qadınların passivliyi jurnalist Ş. Əfəndizadəni narahat edir.

Qəflətdə, hər şeydən bixəbər yaşamağın  müsəlman qadınlarının inkişafı üçün böyük bir əngəl olduğunu qeyd edən Ş. Əfəndizadə  qadınlara üz tutur: “...ictimai hallarımızın islahı qeydinə qalmazsaq “günü-gündən onsuz da ağırlaşmaqda olan” məişətin yükü altında əzilib gedəcəgiz. Artıq vəqtdir.... Vəqtdir ki, biz Qafqasiya qadınları da özümüz üçün bir nöqtə ittixaz edərək ictimai işlərimizi islah və nə kibi bir məslək təqib edəcəgimizi müzakirəyə qoyaq. Madam ki, biz də insanız, kişilərin rəfiqəsi, həyat yoldaşı, evlərinin müdirəsi oluyoruz, o halda lazım gəlməzmi ki, kişilərə fikrən, felən, həqiqi yoldaş – işlərinə, zəhmətlərinə şərik olalım?!”

Qafqasiya qadınlarını   həyat və məişət yolunu tutmağa çağıran alovlu publisist qadınları elmə, məarifə səsləyir və  onlara işçiliyə və sənəti sevməyə alışmağı,  bu yolda bir çox fədakarlıqlar göstərməyi məsləhət görür: “Buna da hər yerdə cəmiyyət idarələri himmət edib mövqe və ehtiyacımızın qeydinə qal­malıdırlar”.

Ş. Əfəndizadə qəzetin  26 oktyabr 1917-ci il nömrəsində dərc olunan "Seçki və qadınlar" adlı məqaləsində o dövr üçün əhəmiyyətli rol oynayan digər bir məsələyə - qadınların savadsızlıq üzündən seçki hüquqlarını, seçkinin mahiyyətini dərk etməmələrindən, bunun nəticəsi olaraq da bu prosesdən kənarda qalmalarından yazır: "Həyatı sevmək, onu daha da gözəlləşdirmək lazımdır. İnkişaf qadınlıq və qadınlığın diriliyindədir. Qızların, qadınların səyi olmadan Vətənin, xalqın yüksəlişi qeyri-mümkündür. Başqa xalqların qadınları ictimai-siyasi həyatda kişilərlə bərabər fəaliyyət göstərərək, öz millətinin tərəqqisi üçün çalışan zaman Azərbaycan qadınları bu prosesdən kənarda qala bilməz". Həmin məqalədə qadınların seçkidə iştirakı zəruri məsələ kimi önə çəkilir və onların siyasi və vətəndaşlıq hüquqlarının kişilərlə bərabərliyi cəsarətlə qeyd edilir”.

Bu yazılar  göstərir ki, Ş. Əfəndizadə qadın məsələsini ictimai, mili və mədəni həyata təsir edən güclü amil kimi qiymətləndirir.

"Vətən bizim sevgili anamızdır" məqaləsində vətən aşiqi olan Ş. Əfəndizadə  bu məmləkətin gələcəyini, millətin səadətini onun övladlarının qeyrətində və səyində görür. Qəlbində vətənə məhəbbət hiss edən hər bir insan, xüsusən hər bir qadın millətin tərəqqisi naminə  övladlarının tərbiyəsi ilə, onların vətən segisi ruhunda böyümələri üçün  çalışmalıdır: “Övladlarımız hənuz qucaqlarımızda ikən verəcəyimiz tərbiyeyi-ibtidaiyyələrini verəmədik, övladlarımızı vətənin səlamətinə xadim olacaq bir surət­də böyüdəmədik”.

Vətənpərvər xanım vətəninin   düçar olduğu ağır günlərdə hər bir qadının üzərinə böyük bir  vəzifə düşdüyünü,  vətənə  sadiq, çevik, cəsur, igidlər yetişdirmək lazım olduğunu göstərir.

Vətənin ağrılı vaxtlarında qadınların fədakarlıq göstərməsi, kişilərlə bərabər vətənin dərdinə əlac tapmaqda köməklik etməsini qadınların başlıca vəzifəsi hesab edən Ş. Əfəndizadə yazır:.

“Ərkəklərimiz vətənin səadət və səlaməti üçün əllərindən gələn səy və qey­rət­dən geri durmuyorlar, ancaq biz qadınlar, bu fəlakətin səbəbi kəndimiz oldu­ğu­muz halda heç düşünmək də istəmiyoruz. Bu bizim xətamız, bizim günahımızdır”.

“Zərərin yarısından qayıtmaq da xeyirdir” deyən  Şəfiqə xanım vətənin qeydinə qalmaq üçün uşaqları milli ruh, milli tərbiyədə bəsləmək, onların  beşiyi başında laylalarda qulaqlarına vətən şərqisini eşitdirmək, ürəklərinə vətən məhəb­bə­tini, millət hissiyyatını doldurmaq lazım olduğunu hər bir qadının müqəddəs vəzifəsi olduğunu göstərir: “Halbuki millətimizə yanşıyan şanlı əskərlər bizim ağuşumuzdan doğmalıdır. Əskərlərimizi müharibəyə biz təşviq etməliyiz. Kəndimiz çalışmalı, onlara nümunə olmalıyız”.

Sanki Şəfiqə xanım bu sözlərlə  bir əsr keçməsinə baxmayaraq bu gün hər bir Azərbaycan qadınının qarşısına müqəddəs bir vəzifə qoyur: VƏTƏNƏ LAYİQLİ ÖVLAD YETİŞDİRMƏK!

 

Azərbaycan Xalq Cümhuriyyətini yeni təməli qurulan bir binaya bənzədən xanım jurnalist gələcəkdə möhkəm bir binaya, əsaslı bir təşkilata, möhkəm bir höku­mətə sahib olmaq üçün onun təməlinin möhkəm olmasına hamının əl birliyilə, dil birliyilə, ürək birliyilə, özü də  bu yolda yalnız kişilərin  deyil, qadınlarların da  çalışmalı olduğunu  jurnalist  qətiyyətilə bildirir.

Yazının maraqlı cəhəti budur ki, o, sözünün həqiqət olduğunu,  qadının da “cəmiyyəti-bəşəriyyədə” və “aləmi-səy və əməldə” bir möv­­qeyə malik olduğunu böyük dəlillər ilə sübut etməyə çalışır.

İslami dəyərlərə qiymət verən Şəfiqə xanım islamiyyətdə qadına hüquq verilməsi, onun cəmiyyətə daxil olması, çalışmaq səla­hiy­yəti, haqqını, mövqeyini bildirməsi məsələlərinin öz əksini tapmasını əsaslı şəkildə iddia edir: “Əgər təhsil mükəmməl, əsas məcburi olub bir az qadınlarımız üçün çalışılsa, mədari-iftixarımız olacaq nə böyük qadınlar, nə şöhrətli ədibələr, nə müşfiq validələr, nə xeyirli mürəbbiyələr çıxar!...

Daha vəqtdir... Vəqtdir ki, ərkəklərimiz elədikləri zülmləri düşünüb o üzdən millətimizin çəkdiyi zərərləri görüb peşiman olsunlar. Və keçmiş zərərləri qapa­maq üçün şimdi hər şeydən əvvəl, hər işdən lazımlı qadınların səlahiyyətini müla­hizə ilə onların qeydinə qalsınlar. O xüsusda komissiyalar seçib, cəmiyyətlər təşkil etsinlər. Qadınlarımızın təalisi, millətimizin nicatı üçün nə lazımsa ona çalışsınlar”.

Ş. Əfəndizadə Məclisi-Məbusanın  təşəkkül etdiyi, cəmiyyətlərin çoxaldığı bir məqamda da  qadınların yenə “əski tas – əski hamam” halında qaldıqlarını  acı təəssüflə bildirir: “ Bütün cəmiyyətlərin möhtərəm üzv­lə­ri­nə üzümü tutub diyorum. Qadınları yetişdirəlim, tarixə, zəmanəyə, ictimaya ha­zır­­la­ya­lım ki, hökumətimizin qəvi və mətinliyi üçün zikurən və ünasən əl bir­li­yilə, dil birliyilə, ürək birliyilə çalışalım”.

Azərbaycan qadınlarını maariflənməsi  məsələsini önə çəkən Şəfiqə xanım Əfəndizadə onları təhsilli, savadlı, dünyagörüşlü görmək istəyini "Xanımlarımıza müjdə" sərlövhəli məqaləsində davam etdirir: "Xanım həmşərilərim! Gözünüz aydın olsun. Bir qaç aydan bəri yalvarıb xahiş etdiyiniz, acı-acı ifadələrlə anlatdığınız, sənələrcə yatmış-uyumuş dərdlərimizə dərman olacaqsa, elmdən-tərbiyədən olacağını düşünüb bir çarəsi varsa, o da xanımlar üçün kurslar açılması ilə yana-yakıla söylədiyinizin nəticəsidir ki, həmd olsun! Bu gün maarif nazirliyi tərəfindən qadınlara məxsus kurs üçün izn sadir oldu".

Məqalədə, habelə demokratikliyinə və mütərəqqi addımlarına görə fərqlənən yeni hökumətin söz, mətbuat, vicdan, mitinq azadlığı, fəhlələr üçün 8 saatlıq iş günü və normal iş şəraiti, istirahət hüququ, qanun qarşısında dinindən, milliyyətindən, cinsindən, partiya mənsubiyyətindən asılı olmayaraq, hamının bərabərliyi, azad və bərabər əsaslarda təhsil hüququ haqqında da geniş danışılır.

Göründüyü kimi “qadın azadlığı” bu böyük demokrat xanımın publisistikasında mücərrəd bir anlayış deyildi. Bu ifadə altında öz qadın hüquqları uğrunda mübarizə aparan zərif, məzlum, kölə cinsin azadlıq ideallarını görürdü.  Şəfiqə xanım demək olar ki, əsərlərinin əksəriyyətində bu azadlığın hansı yolla əldə ediləcəyini və onun qarşısına çıxan ictimai maneələri cəmiyyətə catdırırdı.

“Yol əsnasında gördüklərim”  yazısı  vətənpərvər jurnalistin  doğma  diyarı Axisxaya səfəri zamanı yol qeydləridir. Şəfiqə xanımın bu yazısı tarixi faktlar baxımından da maraq doğurur. Belə ki,  azərbaycanlı ziyalıların İstanbulda fəaliyyəti, “Əsirgəmə dərnə­yi” adlanan qadın cəmiyyəti-xeyriyyəsi ilə azərbaycanlıların sıx əməkdaşlığının, eləcə də  o cəmiyyətdə fəaliyyət göstərən azərbaycanlıların fəaliyyətinin öyrənilməsi, Əlimər­dan bəy Topçubaşov və Əhməd bəy Ağaoğlu ilə görüşləri  mətbuat tarixinin  fakt və hadisələrinə aydınlıq gətirmək baxımından da əhəmiyyətlidir.

Məqalədən aydın olur ki,  Şəfiqə xanımın  Bakıdan Azərbaycan heyəti ilə Axisxaya səfəri uzun çəkmir. Orada davam edən münaqişələr, yerli əhalinin qızğın bir hərə­kat­la müharibə tədarükü görməsi  Bakıda baş verən qırğınların şahidi olmuş Şəfiqə xanım və onun yoldaşlarını İstanbula getmək məcburiyyətində qoyur.

Şəfiqə xanım  bir neçə qadınla beş il  bun­dan əvvəl üzv olduqları  “Əsirgəmə dərnə­yi” adlanan qadın cəmiyyəti-xeyriyyəsinə üzvlük haqlarını verib təzədən qeydiyyata alınırlar və həmçinin bir neçə iclaslarında da iştirak edirlər.

Bir faktı da qeyd edək ki, bu  cəmiyyətə Əhməd bəy Ağaoğlunun həyat yoldaşı Sitarə xanım,  həmçinin Ənvər Paşanın böyük həmşirəsi Hüsna xanım da daxildir.

Məqalədən aydın olur ki, bu cəmiyyətin vəzifəsi kimsəsiz uşaqları yığmaq,  Balkan müharibəsində Anado­­lu hərbzədələrini toplamaq,  onlar üçün iş evi açmaqdır. Burada dairəyə pambıq götü­rü­lür, orada hazır süfrələr, dəsmallar, işləmə pərdələr, qaryola taxmaları, geyim qumaşları, tikilmiş və tikilməmiş parçalar, hazır koftalar hazırlanır ki, pam­bı­ğı əyirmək, bükmək, toxumaq, biçmək, tikmək, nəqş işləmək- bütün bu işlərlə oradakı qadınlar məşğul olurlar.

Bir çox məktəbləri gəzən Azərbaycan heyəti  qız məktəblərini,  o cümlədən Sultan Muradın hərəmi “Bizim aləm”in öz  adına bina etdirmiş olduğu məktəbə də gedirlər. 1400 xanım qızın təhsil aldığı məktəbin yuxarı sinfində  türk qız­larına türk müəlliməsinin  fransız dərsi keşməsinin də şahidi olurlar.

Bakıda  işlərin düzəldiyini xəbər alan nümayəndə heyəti son dərəcə şad olmaqla bərabər Bakı­ya dönmək istəyir.  Şəfiqə xanım yazır ki,  bu dəfə ingilislərdən izn almaq lazım gəlir ki, cənab Əlimər­dan bəy Topçubaşov onlara azərbaycanlı olduqlarına  dair bir vəsiqə verir.

Türkiyədə olduğu müddətdə Şəfiqə xanım Əfəndizadə Əhməd bəylə görüşdüyünü yazır, onun tutultb saxlanması, xəstəliyi  barədə ətraflı məlumat verir: “Əhməd bəyin tovqifində də orada idim. Əhməd bəy hənuz səhhət tam kəsb etməmişdi... Mən orada ikən iki dəfə isticvab etmişdilər: nərədə dünyaya gəldiyini, nərədə təhsil gördüyünü, Türkiyəyə nə üçün getdiyini və orada İttihad və Tərəqqi firqəsinə nə vəqt daxil olduğunu təh­qiq yoluyla bir takım suallar verdilər”.

Burada Əhməd bəylə bağlı bir faktı qeyd etmək istərdim ki, həmin il Parisdə keçiriləcək Versal Sülh konfransında Azərbaycan nümayəndə heyətinin tərkibində Əhməd bəy Ağaoğlu da var idi. Azərbaycan nümayəndə heyəti İstanbula gələn günün səhərisi fransız dilində çıxan qəzetlərin çoxu və xüsusən ermənilərin fransız dilində nəşr etdiyi “Renaissanse” qəzeti Əhməd bəy Ağaoğlunu  müttəfiqlərə qarşı qoymuş və türk parlamentində  Antantaya qarşı mübarizə aparmış fəal jurnalist kimi  təqdim edirdi.  Əlimərdan bəy Topçubaşovun Bakıya göndərdiyi hesabatda  qeyd edilirdi ki, “İttihad” və “Tərəqqi”  partiyasının, xüsusilə “Tələt-Ənvər kabinetinin” bütün günahlarını Əhməd bəy Ağayevin adına yazırlar. Bununla kifayətlənməyən “Renaissanse” qəzeti  bütün Azərbaycan və Gürcüstan nümayəndə heyətini “indiserable”-yəni “arzuolunmaz heyət” adlandırır.

Biz  bu gün də dünyanın hər bir tərəfinə səpələnmiş ermənilərin analoji şəkildə Azərbaycana qarşı apardıqları kampaniyanın, çirkin əməllərinin   şahidiyik.

Məqalənin sonunda da Azərbaycan nümayəndə heyəti barədə məlumat verilir:  “Əhməd bəylə tovqif olunanlar 23 şəxs idi ki, bunlar əvvəlki tovqif olun­muş­la­rın yanına götürülməyib hərbiyyə nəzarəti nəzdində “Bekər ağa bölüyündə” ayrıca yaşıyordular.

Azərbaycan heyəti-mürəxxəsələri mən İstanbuldan çıxdığım aprelin 4-də hala İstanbulda idilər. Mən onlarla aprelin 3-də görüşdüm. O günü fransızlardan Məhəmmədhəsən bəy Hacınski, Ceyhun bəy Hacıbəyov və Məhərrəmov ismlərilə izn kağızı gəlmişdi! Heyət bir kaç dəfə təkrar müraciət etdiyi üçün bu dəfə artıq müraciətə lüzum görməyib yola düşmək fikrində idilər”.

Batuma gəlib orada bir çox faciələrin  şahidi olan Ş.Əfəndizadə Bakıya gəlir.

“Təşkilatın qadınlara  təsiri”  məqaləsində Şəfiqə xanım millətini yaşadan, qəlbini qürur hissi ilə dolduran yeni yaranmış  Azərbaycan Xalq Cümhuriyyətinin bir illiyini alqışlayır, müsəlman türk qadınlarının da təşkilatlanmasını arzulayır. Göstərir ki, bir millətin qadınları   kişilərlə bərabər hüquq əldə etməmişsə, qadınlar hər hüquqdan mərhum qalırlarsa, o millət irəli gedə bilməz.
Qadın hüquqlarının müdafiəçisi Şəfiqə xanım Əfəndizadə bu məqaləsində “Şimdiyə qədər bütün günahlarımızı, qüsurlarımızı zalım istibdadın boynuna yükləməklə kəndimizi bir növ  kəndi aramızda  təmizləyə biliyorduq. ...Hürriyyət verildi. Istibdad zənciri qırıldı., Azərbaycan hökuməti təşkil olundu. Şimdi daha diyəcək bi sözümüz qaldımı?!”   deyərək bu məsələdə qadınların passivliyini, avamlığını tənqid edərək onları inkişaf etmiş ölkələrin qadınlarının inkişaf tarixlərini öyrənməyə, nəticə çıxarmağa çağırır:

“Şimdilik çalışqan millətlərin qadınlarını iltaqən bir nəzərdən keçirəlim, tarixlərini oxuyalım. Nələr yapmışlar, nələr yapıyorlar və daha nələr yapacaqlardır.  Heç olmazsa  kəndimizi  bir az da olsa onlara bənzədəlim. Onların iyi əməllərini  qəbul, fəna əməllərini atmaqla milli adət, milli ənənəat, milli əsas daxilində kəndi qeydimizə qalalım...Artıq hümmət, qeyrət meydanıdır. Çalışan qazanır. Biz də çalışalım da, hər hüququmuza nail olalım”.

İstiqlal, cümhuriyyət fədaisi Şəfiqə xanım Əfəndizadənin məqalələrində AXC  mövzusu aparıcı rol oynayırdı. "Azərbaycan" qəzetinin 5 iyun 1919-cu il 196-cı sayında dərc olunmuş "Milli bayram və qadınlarımız" adlı məqaləsində isə Şəfiqə xanım mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan olunması, Şərqdə ilk dəfə Azərbaycanda Xalq Cümhuriyyətinin qurulmasından yazır:  "Mayın 28-də Azərbaycan istiqlalı sənayi-dövriyyəsi münasibətilə milli bayram təşkil olundu. O günün şərəfindən, təsirindən hər kəs şən, hər kəs məğrur idi".

Istiqlal aşiqi, vətən fədaisi Ş. Əfəndizadə  publisistikasında dövrünün problemlərinə əsl jurnalist mövqeyindən yanaşmış, vətənpərvər şəxsiyyət kimi münasibət bildirmişdir. Sovet dövründə də o, jurnalistlik fəaliyyətini davam etdirmiş, 1923-cü ildə “Şərq qadını” jurnalı fəal əməkdaşlıq etməyə başlamış, redaksiya heyətinin üzvü seçilmiş, jurnalın məsul katibi və bədii ədəbiyyat şöbəsinin müdiri olmuşdur. “Şərq qadını” jurnalı  yazırdı “Şəfiqə xanım bütün Cənubi Qafqazda ilk Azərbaycan dili müəlliməsi, jurnalisti və yazıçısı olmuşdur” .

Ş. Əfəndizadə demək olar ki, ən az tədqiq olunmuş şəxsiyyətlərdəndir. Ələlxüsus onun cümhuriyyət dövrü publisistikasına az müraciət olunmuşdur. Inanırıq ki, yeni tədqiqatçılar bu irsi araşdırmaqla Azərbaycan mətbuatı tarixinin açılmamış səhifələrinə, tarixin kölgədə qalan fakt və hadisələrinə aydınlıq gətirəcəklər.

    

                                   Mənbə: /tarix.info/ 

 

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB