Həvva günahsızdır

    Söz düşəndə həmişə İslamı günahlandırırlar ki, islam qadına  dəyər vermir, onun hüquqlarını   məhdudulaşdırır, onu alçaldır, kölə halına salır. Şərq deyəndə ağla ilk gələn şey  köləlik, geri qalmışlıq, aclıq, səfalət, bir də səviyyəsiz, kölə qadın olur. Doğrudan da bunların səbəbi  islamdırmı? İslamın  toxunmadığı, müsəlman olmayan ölkələrdə  vəziyyət  necədir. Sadəcə islamdırmı qadını əsir edən? Bunu öyrənmək üçün  bir az tarixə baxaq.

     Qədim Yunanıstanda  qadın  insanlığıa  artıq bir yük kimi, ən  aşağı səviyyədə, evdə  heç bir hüququ olmayan  bəsit bir  xidmətçi olaraq  görülürdü. Bir əşya kimi alınıb satılırdı. Mirasdan pay ala bilmirdi,  öz malını belə istədiyi kimi   işlətməyə, xərcləməyə  ixtiyarı yox idi. Əflatun ” Qadın ortalıq malı olaraq əldən-ələ gəzməlidir”,deyir,

    Aristotel isə  "Qadın yarımçıq yaradılmış kişidir"  deyirdi. Qadın bir şeytandır və  bütün pisliklərin, şərin səbəbidir, fikri  Yunanıstanda qəbul olunmuş tək fikir idi.

    Romada qadın uşağı olan zaman onu atasının  ayaqları altına atardı, əgər ata uşağı yerdən qaldırarsa onu qəbul etmiş sayılar, etməzsə  uşağı ümumi yerlərə qoyardılar.  Uşaq oğlansa  onu  birisi alıb aparır, qız isə qalıb qurda quşa yem olurdu. 6-cı əsrə qədər Romada sadəcə kişilər  vətəndaş sayılırdı və  belə olanda ailə  başçısı istərsə uşaqlarını satar, istərsə qadını  öldürə bilərdi.

    Qədim Hindistanda da qadın kölədir. Əri öldüyü zaman o yaxın qohumlarından birinə verilir və ya  əri ilə bərabər  özünü yandırırdı. Bu, 17-ci əsrə qədər  davam etdi. Hindlilər qadını tanrılarına qurban verirdilər, onlar özləri qurban kəsə, oruc tuta bilməzdilər.  Budda isə  uzun zaman qadınları  dininə qəbul etmədi, çünki. ”Qadınları dinimə qəbul etməsəydim buddizm çox uzun və  təmiz şəkildə  davam edərdi,”deyirdi.

     Qədim Misirdə firon  dövründə  bacı qardaşla evlənirdi ki, mal mülk  başqasına keçməsin.Bu Hz.Musa (AS)  zamanında ləğv olundu.

  İranda  da qadın ikinci dərəcəli insandı. Zərdüştilərin  döğvründə ana bacı kimi qan qohumluğu sayılmırdı, onlarla evlənirdilər. Bu da Hz. İbrahim (AS) zamanına kimi oldu.

     Rusiyada  hüquqi baxımdan  qadınla kişiyə fərqli  münasibət vardı.Qadına daha ağır cəza verilirdi.

   Çində qadın insan sayılmırdı, uğursuzluq sayılırdı. Onlara ad qoymazdılar, 1,2,3, deyə  çağırırdılar ailədə.

    Yəhudilikdə “qadın  aldadıcı bütdür” deyərdilər.Yəhudilər Hz.Adəm və Həvva  əhvalatına görə  qadının lənətləndiyini və cəhənnəmlik olduğunu təsdiqləyirdilər. Qızı sadəcə bir xidmətçi sayar və  öz məşhur yəhudi dualarını  edərlər:” Tanrım, kainatın kralı, məni  qadın yaratmadığın üçün sənə şükürlər  olsun.”

    Xristianlıqda yəhudilikdən daha  da kəskin münasibət var: qadın günahın anası,  fitnə-fəsad qaynağı, utanılacaq bir varlıqdır. Qadın şeytanın insan  nəfsinə girmiş  qapısıdır. Allahın əmrlərinə qarşı çıxan, kişi üçün yaradılmış, köləlik simvolu bir məxluqdur, deyərdilər.

     Xristianlıqdan əvvəl Avropada  evlilik anlayışı yox idi.Uşağın soyu ataya deyil  anaya görə təyin edilirdi.Qərbdə uşaq doğulmasına atanın ruhunun qadın vücuduna  girərək şəkillənməsi kimi izah  olunurdu.

    Avropa millətləri  xristianlığı qəbul etdikdən sonra  qadına olan münasibətləri  bir az dəyişməyə başladı və fransızlar  miladi 586-cı ildə  “Qadın insandırmı, deyilmi” mövzusunda konfrans keçirib belə qərara gəldilər ki,   qadın sadəcə olaraq kişiyə  xidmət etmək üçün yaradılmışdır.

   Xristian Avropada qadını kişinin zülmündən qoruyacaq heç bir qanun yox idi. Kişi qadının özünə və sərvətinə, bütün haqlarına  sahib idi. Qadın heç bir işlə  məşğul ola bilməzdi. Evlənməsi ticarət idi. Boşanma yox idi. Zülüm olsa belə  ömrünün sonuna qədər məhkumdu.

  İngiltərədə 1788-ci ildə qadın sadəcə ərinin  əmrlərini yerinə yetiridi. İncil oxuması belə yasaqdı. 1850-ci illərdə ingilis  konstitusiyasına görə  qadın vətəndaş sayılmırdı.

  Fransada da vəziyyət eyni idi, qadının evlənməsi ilə bütün haqları ərinə keçir və o şəxsiyyət olaraq tanınmırdı. Bu hal Belçika, İsveçrə, İspaniya, Danimarka, Portuqaliya və Almaniyada da beləydi. Qadın məhkəmələrə çıxa bilməz, sadəcə yaxın qohumu ilə çıxar, ancaq şahidlik edə bilməzdi.

 Tarixdən də göründüyü kimi köləlik islamın gətirdiyi bir anlayış deyil, ondan  çox çox əvvəllər olub. Qadın, dinlərdən əvvəl  müxtəlif  millətlərdə müxtəlif  şəkillərdə  kölə olub. Bu köləliyi ən mütərəqqi şəkildə  İslam aradan qaldırmağa çalışıb. İslam bu mövzuya kökündən fərqli yanaşıb.  Belə ki, Adəm-Həvva  olayında  bütün dinlər Həvvanı günahkar bilir ki, Adəmi yoldan çıxarıb, cənnətdən qovulmasına səbəb olub.Qurani Kərim isə deyir ki, “... Şeytan onların ayağını şürüşdürdü. İçində olduqları cənnətdən çıxardı”, Bəqərə surəsi 36-cı ayə. Günah hər ikisinindir.  Üstəlik bəzi yerlərdə  təkcə Hz.Adəmi günahkar bilir Allah Təala.  Məsələn, “...şeytan Adəmə vəsvəsə verib (şübhəyə salıb) :” ey Adəm, sənə sonsuzluq ağacını və  çöküşü olmayan bir səltənət göstərimmi? -dedi. Adəm  Rəbbinə baş qaldırdı və  yolunu azdı”,  Taha sirəsi 120-121-ci ayələr.

  Qarşı fikirlərin iddia  etdiyi kimi Hz.Həvvanın deyil, Hz.Adəmin günahı üzündən  insan oğlu cənnətdən qovuldu. Bunu da Qurani Kərim açıq ayələrlə isbat edir. Və buradan qadına qarşı  başlanmaqda olan yaxşı  münasibət eləcə də davam edir.Allah Təala hər iki dünyada  qadını  kişidən ayırıb heç bir haqqını əlindən almır. Bu ləyaqətsiz kişilərin hökmetmə iştahasının  bəhrəsidir ki,  hətta o dünyanı  da cahil mollalar  kişilərə bəxş edir. Guya möminlər o dünyada  huri qılmanlarla əhatə olunacaq, kimi gülünc xəyallarını  şəriətə, dinə  yozaraq  qadını hər iki dünyadan məhrum etməyə çalışırlar. Əslində belə fikir nə Quranda var, nə də hədislərdə.

  İslamda qadının əzilməsi fikrini  təsdiq edə biləcək iki nöqtə var ki, əslində bunlara da bir tərəfli baxmaq yanlışdır. Birinci, qadının əski zamanlarda  məhkəmələrdə şahidliyi  təkbaşına qəbul  edilmirdi. İki qadının şahidliyi bir  adam yerinə keçirdi. Bu o zamanlar idi ki, onda məhkəmə şifahi gedirdi. Qadınsa emosional olduğundan, hislərinə  üstün gəlməkdə  çətinlik çəkə biləcəyindən qorxularaq  haqsızlıq olmasın deyə  belə qərar verilmişdi. Ancaq  yazılı məhkəmələrdə  şahidlik etməkdə qadın tam hüquqludur və sərbəstdir.

 İkinci, “Qadınların kişilər üzərində, kişilərin də qadınlar üzərində haqları vardır. Kişilərin qadınlar  üzərində haqları  bir  dərəcə artıqdır.” Bəqərə s., 228-ci ayə.Bu da  kişilərin qaba yaradılışlı və  qadına  nisbətən  güclü olduqlarına görə  ruzi qazanma və ailənin  qorunma  məsuliyyətinə aiddir. Yəni  bir Hədisdə də deyildiyi kimi: “ bir millətin başçısı o millətin xidmətçisidir”. Bu fikir kşinin hüquqi cəhətdən üstünlüyü  demək deyil. Çünki Yaradılış baxımından  qadına yüklənmiş olan incə və  ağır, munis  iş olan  uşaq doğurma və  böyüdüb yetişdirmə  yenə yaradılış baxımından  kişinin  səbr, anlayış və şəfqət  yetərsizliyinə hesablanmayıb.

 Qadına  islamda olan münasibətə aid  daha bir Hədisi Şərifi  örnək verim: Hz.Məhəmməd peyğəmbər (SAV) buyurdu: "Gecə ibadətinə qalxarkən və bir yerə səfərə çıxacağınız zaman  qadınlarınızdan   razılıq  alın."  Baxın, inanmaq  çətindir ki, bir peyğəmbər  hətta gecə ibadəti üçün  və bir səfərə çıxacağı zaman  qadınının  razılığını almışdır. Peyğəmbərinin  qadına münasibəti belə olan  bir dində hüquqsuzluq və köləlikdən söhbət gedə bilərmi?

 Başqa bir örnək- Hədisi Şərifdə deyilir:”Hz. Peyğəmbər (SAV) buyurdu: Mənə bu dünyada üç şey sevdirildi: gözəl qadın,  gözəl qoxu, bir də gözümün nuru  namaz”. Bundan o yana  bütün sözlər  mənasını itirir. Əgər  Allahın elçisi  qadını namazla bir tutursa  hansı köləlikdən söhbət gedə bilər. 

 

                              İlahiyyatçı yazar AYİŞƏ NƏBİ

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB