HARAMA ORTAQ OLMAMAQ.

Son zamanlarda qadınlardan dalbadal eyni sualları eşidirəm, həyat yoldaşım evə haram pul gətirir, mən də yeyirəm, bu günahdırmı, mən neyləməliyəm?İnsanın ağlına gələn ilk fikir bu olur ki, qoyma evə haram gətirməyə, amma bu mümkündürmü.Əlbəttə, bəzən mümkün deyil, çünki ailə başçısı, evin çörək qazananı əgər deyirsə ki, yox, mən haram çörək gətirmirəm, qadın məcburən buna inanır, çünki başqa çarəsi yoxdur, inanmayıb qarşı çıxsa da təbii ki, kişi bunu etiraf etmir, israrla mənim çörəyim halaldır deyə bu dəfə ikinci günahı edir, yalan danışır.    Haram qazanılan çörəyi yeyərkən qadına günah gəlirmi,məsələsi bir az qəliz məsələdir.Müasir dövrdə evin çörəyini kişi qazanmalıdır deyə qəti bir qanun yoxdur təbii ki, qadınlar da çörək qazanma imkanına sahibdirlər, amma bunun fərqi yoxdur, evə əgər bircə  tikə də haram girirsə, bu min tikə halalı bərbad edir.

O ki, qaldı “haram yeməyim neyləyim” deyə əzab çəkən qadınlara, onlara haram haqqında ayələr, hədislər, önəmli insanların fikirlərini deməyi bir qırağa qoyaraq, sadəcə, bir sözü deyə bilirəm, əgər həqiqətən haram yemək istəmirsənsə, o zaman yemə, buna məcbur deyilsən. Deyəcəksən ki, necə məcbur deyiləm, həyat yoldaşım işləməyimə icazə vermir, öz gətirdiyi çörək isə haramdır, o zaman necə yaşayım?Çox sadə bir həlli var bu məsələnin, ən aza qane olmaq.Həyatda qala biləcək qədər istifadə et ərinin çörəyindən, onda onun haramına ortaq olmursan.Çünki həyatda qalmaq, yaşamaq məcburiyyətindəsən, bunun üçün başqa bir vasitən də yoxdur, ikinci, sən ərinə tabesən və sənin dolanma qaynağın odur, çörəyinin cavabdehi də, məsuliyyət daşıyanı da odur.Ən aza qane olaraq ən təməl ehtiyacları ödəyəcək qədər xərcləmək qadın üçün təbii ki, haramı halal etmir, bu sadəcə, bir çıxış yoludur.Çünki uca Allahın ən sevmədiyi şey ailənin dağılmasıdır, bu halal-haram səbəbi ilə olsa belə.

 Çətinliyi həll etmək çətinlikdən qaçmaqla olmur, çətinliyin ən asan yolla həllini axtarmaq lazımdır təbii ki.Birinci, ən aza qane olaraq əlavə-artıq xərcləməmək, ürəyinin hər istədiyini etməmək, özünə sərhəd qoyaraq nəfsini cilovlayıb sıxmaq, nəfsini incitməklə haramdan uzaqlaşmaq.Bəzi insanlar lüksün, meşşan həyatın quludur, bunu insan kimi yaşamaq adlandırır və bu zaman haram dediyini halal zənn edərək istifadə edir, çünki öz ehtiyaclarını təbii və təməl ehtiyac hesab edərək özünü haqlı sayır.Burada haram insana gözəl görünərək onu cəlb edir, uçuruma aparır.

 İkinci, qadın yediyi haramı necə halala çevirə bilər.İlk onu deyim ki, heç bir haram halala çevrilmir, sadəcə, özümüzə təsəlli vermək, rahatlamaq üçün bu fikri qəbul edirik, ancaq günahı tarazlaşdırmaq, halala yaxınlaşdırmaq üçün hər gün yediyi hər tikə üçün peşman olaraq tövbə etməklə yediyinin, xərclədiyinin yarısını ehtiyacı olan başqa birinə verib onun duasını-alxışını almaq.Beləliklə, bir tərəfdən boşalan bir tərəfdən dolur.Birindən aldığın bədduanı digərindən aldığın xeyir dua tarazlaşdırır və sənə ziyan dəymir (ümid edirik).

Üçüncü, qəflətə düşməmək.Yəni, bir an da olsun fikrini, qəlbini Allahdan ayırmamaq, qəlbini hər an diri tutmaq.Yox,bunu bacarmasan, bir an, ani bir unutma, bir anlıq qəflət quzunu qurda verər, zorla halala yaxınlaşdırdığın haramı əvvəlkindən də betər haram edər.Allahla aranda zərrə qədər bir boşluq yaranarsa oraya hər cür haram, həm də zərrə qədər deyil batmanlarla dolar.Haram bir az elastik bir şeydir.Bax, bir zərrə miqdarı qədər yerə bir xeyiri qoymaq istərsən onu oraya zorla sığışdırarsan, amma bir zərrə miqdarı yerə bir ton şər-haram qoymaq istərsən onu oraya heç əziyyət çəkmədən asanca yerləşdirərsən.Hikmət burda nə deyir, dolaşıq məsələdir.

Halalla haram arasında çox incə bir cizgi var, bəzən bir birinə elə qarışır ki, bunları bir birindən ayırmaq olmur.Bəzən halal haramın içində gizli olur, bəzən haram halalın içində.Halalla haram bir birindən iki hərflə ayrılır, digər hərflər eynidir, hikmətin cilvəsi də budur ki, bəzən insanla gözbağlayıcı kimi oyun oynayır.Halaldakı iki l hərfi Allah kəliməsini iki L hərfləridir ki, bu Allahın dərgahına aiddir, haramdakı iki hərf-r və m hərfləri isə racim sözünün r və m hərfləridir ki, bu Tanrı dərgahından qovulmuşluğun rəmzidir.

 

 

    İlahiyyatçı-yazar Ayişə Nəbi.

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB