QADINI DÖYƏN AXİRƏTDƏ DÖYÜLƏCƏK

 Qadınlarla yaxşı rəftar etmək Qurani Kərimin əmrlərindən biridir. Nisə surəsi 19-cu ayədə deyilir: “Qadınlarla yaxşı rəftar edin.Əgər onlardan xoşunuz gəlməsə belə… Ola bilər ki, bir şeydən sizin xoşunuz gəlməsə də Allah onda bir çox xeyir təqdir etmişdir.” Hədislərdə də  deyilir: “Aranızda ən xeyirli kəslər qadınlarına və həyat yoldaşlarına rəftarı ən gözəl olanınızdır.” “Qadınlar haqqında Allahdan çəkinin. Belə ki, onları Allahdan əmanət olaraq almısınız.” “Qadınlar haqqında biri-birinizə xeyri tövsiyə edin.” “Möminlərin iman baxımından ən kamilləri əxlaqca ən gözəl olanlarıdır. Sizin ən xeyirliniz qadınlarına qarşı ən yaxşı və ən nəzakətli olanınızdır.”

 Göründüyü kimi Allah və Peyğəmbəri (sav) sıravi insanlardan fərqli olaraq qadına necə yüksək dəyər və qiymət vermişlər. Onların haq və hüquqları ilahi ədalətlə qorunmuşdur. Qadınlara qarşı yaxşı davranmaq, onlara şirin və yumşaq bir dillə müraciət etmək məsləhət görülmüşdür. Nəinki ona qarşı kobudluq edilsin, hətta döyülsün. Hamı inanır ki, islamda qadının döyülməsi şərtdir və qadın mütləq atası, yaxud əri tərəfindən döyülməlidir. Ancaq hz. Ayişə (ra) dan rəvayət olunduğuna görə “Allahın Rəsulu nə bir xidmətçiyə, nə də bir qadına əl qaldırmamışdır.” Əgər müsəlmanlar həyat və yaşayışlarında hz. Peyğəmbər (sav) –i nümunə olaraq görür, hər işi onun əməllərinə və sözlərinə uyğun etməyə çalışırlarsa, nədən qadının döyülməsini təbliğ edirlər. Bir halda ki, başqa bir hədisdə deyilir: “Bu ərlərə nə olur ki, qadınlarını kölə kimi döyürlər, halbuki eyni günün sonunda bəlkə onlarla zarafatlaşacaqlar.” Yəni döyülmək kölələrə aid edilən bir xüsusdur. Heç bir şəriət kitabında, heç bir dini mənbədə qadının döyülməsinə haqq qazandırılmır, əksinə döyülməni qadına deyil, köləyə aid bir əməl olaraq görmüşlər. Toplumdakı bu yanlış firkin yayılması, bu yanlışın din adına çıxılması imanı və elmi zəif olan, yaxud heç olmayan insanların işidir.

 İslamda ailə başçısı kişidir. Kişi ailənin başçısı olduğu üçün onun həm idarəsi, həm də təminatı ona aiddir. Burada söhbət təkcə ailənin maddi təminatından getmir, mənəvi, elmi, ruhani tərbiyənin təmini də bunun içindədir. Ailə başçısı mənəvi cəhətdən və ruhən qadından daha üstün olmalı və bu üstünlüyü ona aşılamalıdır. Üstün xüsusiyyətlərə malik bir qadının xırda şeylər üstündə döyülməsi günahdır. Nisə s. 34-cü ayədə deyildiyi kimi, qadın itaətsiz olduğu zaman o bəzi metodlarla tərbiyə edilməlidir, əgər tərbiyə edilə bilməzsə onda son çarə olaraq incitmədən astaca vurmağa(xəbərdarlıq mənasında) izin verilmişdir. Elə bu “izin verilmişdir” sözü tarixin hər üzünə “qadın döyülməlidir” kimi yayılmışdır. Lakin kişi heç bir halda birbaşa döyməyə başlaya bilməz. O zaman hüquq baxımından o cəza almalıdır. Döymək ağrıdıcı, zədələyici, incidici, qan axıdıcı, yaralayıcı olmamalıdır. Əgər bu hallardan biri baş verərsə, yenə də kişiyə cəza düşür. Qadın ailə birliyinə zərər vermişsə, naməhrəmlə oturub durursa, ərinin malını israf edirsə, qadınlıq vəzifələrini yerinə yetirmirsə…. və s. onda ona ilk dəfə nəsihət etməli, gözəl bir şəkildə başa salmalıdır. İkinci dəfə xəbərdarlıq etməlidir, narazı olduğunu bildirməlidir, inciyib küsməlidir. Bütün bunların xeyri olmaz qadın yenə də öz asiliyində və günahında davam edərsə yüngülcə vurulmalıdır. Yox, əgər qadına bu vurulma fərq etməyəcəyi bilinsə, onda da vurmaq olmaz, belə ki, bu tərbiyə metodu ona yaramır demək. Çünki məqsəd qadının tərbiyə edilməsidir, döyülməsi deyil. Bu halda qadını döymək təcavüz sayılır. Qadının üzünə vurmaq isə günahdır.Bunun iki səbəbi var bunun, birinci, üzə vurmaq birbaşa təhqirdir ki, islamın izin verdiyi döymə təhqir üçün deyil, simvolik tərbiyəvi məna daşıyır. Baxmayaraq ki, bu qaba insanların işinə yaradığı üçün bu döymə iznini bu qədər qabardaraq “qadın döyülməlidir, qızını döyməyən dizini döyər kimi” məşhurlaşdırılmışdır. Bu iznin verildiyi zaman qadın ölənə qədər döyülürdü və bunu normal sayaraq cəza tətbiq edilmirdi. O zamana görə bu simvolikləşdirilərək nəsihət- xəbərtdarlıq formasına salınmışdır. 2. Üz Allahın təcəlli yeridir. Qəlb batini təcəlli yeridirsə, üz zahiri təcəlli yeridir. Qadına dəyən şillə Allahın üzündə əks səda verir. Başqa önəmli bir xüsus da kişi-ər tam mənası ilə islami bir yoldadırsa qadından tam bir itaət tələb edə bilər. Digər deyimlə kişi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirsə, qadına qarşı istismar və ədalətsizliyi yoxsa, davranışları və tələbləri etika və ədəb ərkan daxilindədirsə, öz məsuliyyət və borclarını kəsirsiz yerinə yetirirsə eyni şeyləri qadından tələb etmə haqqına sahibdir. Əgər o allaha asidirsə, qadından dinə, islama, adət ənənəyə uyğun olmayan bir şey tələb edərsə onda qadın tabe olmağa məcbur deyil. Adətən kişilər həyatda ayaqları büdrəyəndə, bir uğursuzluqları olduğu zaman qadını günahkar bilərlər.Yəni, qadınlar əbədi günahkar olduqları üçün hüquqları yoxdur, sanarlar. Guya qadın Həvvadan üzü bəri günahkardır. Əslində isə Quran-i Kərimdə belə bir günahlandırma yoxdur. Həvvanın günahı barəsində deyilmişdir:” Onlar bir ümmət idilər, gəlib getdilər.O ümmətlərin qazandıqları onların, sizin qazandıqlarınız da sizindir və siz onların işləmiş olduqlarına cavabdeh deyilsiniz (Bəqərə s., 134, 141).” Yəni, Həvvanın günahını (əgər varsa!!!) bəşəri qadınlığa yükləyəməzsiniz. Bunu Allah Təala qadağan etmişdir.

 

 

 Ayişə Nəbi

İlahiyyatçı-yazar  

 

 

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB