“Ailə sevgi, sədaqət, həmrəylik məktəbidir” müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir

 “Aydınlığa doğru” Milli-mənəvi Dəyərlərin Qorunması İctimai Birliyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə birgə layihəsi olan “Ailə Akademiyası” və “Ailə dəyərlərinin inkişafı proqramı” çərçivəsində “Hilton-Baku” otelində “Ailə sevgi, sədaqət, həmrəylik məktəbidir” mövzusunda şeir və hekayə müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi  keçirilmişdir.

Mərasim Azərbaycan Respublikasının himni və Türkiyə Cümhuriyyətinin istiklal marşı ilə acilmişdir.

Giriş sözü ilə  “Aydınlığa doğru” İctimai Birliyinin sədri Solmaz Əmirli çıxış edərək təşkilatın məqsəd və vəzifələrindən, gördüyü işlərdən, ailə dəyərlərindən danışıb. O deyib: “Ailə kiçik cəmiyyətdir. Cəmiyyətin inkişafı üçün bütün vacib amillər ailədə yaranır. Bu layihə ailə dəyərlərinin qorunmasına yönəlmiş uğurlu bir işdir. Layihə çərçivəsində ailə dəyərlərinin məktəblilərə aşılanması üçün 2016-2017 tədris ilində Binəqədi rayonunun 31 məktəbində yuxarı sinif şagirdləri ilə psixoloq və pedaqoqların mütəmadi göruşləri təşkil edilmişdir. Bu görüşlərin yekunu olaraq yuxarı sinif şagirdləri arasinda “ Ailə sevgi, şəfqət, səadət həmrəylik məktəbidir” mövzusunda şeir –hekayə  müsabiqəsi elan olunmuşdur. Müsabiqəyə göndərilən yazılardan seçilmiş 67 iş münsiflər heyətinə təqdim edilmişdir.

Moderator telejurnalist Lalə Cəfərova münsiflər heyətini təqdim edib, göstərilən dəstəyə görə  fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi Şahlar Əsgərova,  Əməkdar incəsənət xadimi, yazıçı-drammaturq Əli Əmirliyə, Diamed klinikasının baş həkimi  Səfərbəy Səfərbəyova,  ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Mirzəyevaya, “Ailə akademiyası” layihəsinin müəllifi,  Əməkdar müəllim Səbinə Rəsulovaya,  İlahiyyatçı Ağa Hacıbəyliyə, BDU-nun müəllimi, Təhsil eksperti Kamran Əsədova, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsə öz minnətdarlığını bildirib.

Mərasimdə çıxış edən millət vəkili Qənirə Paşayeva, Bakı baş təhsil idarəsinin nümayəndəsi  Anar Qədiməliyev, ombudsman aparatının  məsul işcisi Yeganə Cəfərova güclü və sağlam ailə dəyərləri, ailə məsuliyyəti, örnək ailə nümunələrindən söhbət açıb, sosial təbliğatın vacibliyini vurğulayıblar. Natiqlər bu müsabiqənin şagirdlər tərəfindən müasir ailə modeli və xoşbəxt ailə sirlərinin araşdırılması istiqamətində mühüm addım olduğunu qeyd ediblər. Millət Vəkili Qənirə Paşayeva seçildiyi Tovuz rayonunun məktəblərində də layihə çərçivəsində belə görüşlərin təşkil edəcəyini vəd etmişdir.

Tanınmış ziyalılar  BDU-nun jurnalistika fakultəsinin kafedra  müdiri Aynur Kərimova, telejurnalist Vəsilə Vahidqızı tədbirin qonağı  olmuşlar.

Seçilmiş on yazının müəlliflərinə yazıçı-dramaturq, Əməkdar İncəsənət Xadimi Əli Əmirli tərəfindən mükafatlar təqdim olunub.

Tədbirdə “xoşbəxtliyin açarı” ,“Ailə bir ağacdır” adlı videoçarxlar  nümayiş etdirilmişdir.

Tədbirin sonunda  qaliblər  1-ci yerin qalibi Seymur Məmmədov adına 301 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Həsənli  İlhamə notebookla ,  2-ci yerin qalibi Seymur Məmmədov adına 301 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Məmmədov Hümmət  planşetlə, 3-cü yerin qalibi isə 246 saylı məktəb lisey 8L  sinif şagirdi Aysun Ağaməmmədova elektron kitabla  mükafatlandırılıb.

Qaliblərin yazıları “Bizim ailə” jurnalında, birinci yerin sahibinin yazısı isə həm də “Ulduz” jurnalında dərc olunacaq.

Mərasimdə TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) Bakı proqram ofisinin Kordinatoru Adəm Urfa  yekun sözü ilə çıxış etmiş, layihənin önəmindən danışmış , “Aydınılığa dogru” milli-mənəvi dəyərlərin qorunması ictimai birliyi ilə fəaliyyətlərini davam etdirəcəyini söyləmişdir.

Mərasimə moderatorluq edən  tanınmış telejurnalist Lalə Cəfərova uşaqlara təhsillərində uğur arzulamış, layihə çərçivəsində keçiriləcək yay məktəblərində görüşmək arzusu ilə mərasimi bağlı elan etmişdir.

 

Aydınlığa doğru” İctimai Birliyinin

mətbuat xidməti

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB