"Ziyalı Ünsiyyəti" çərçivəsində şair qəzəlxan Arif Buzovnalı ilə görüş keçirildi

“Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin davamlı layihəsi olan “Ziyalı ünsiyyəti” çərçivəsində növbəti görüşün qonağı gənc yaşlarından klassik ədəbiyyata meyl etmiş, gözəl qəzəllər müəllifi olan Arif Buzovnalı idi. Bir-birindən gözəl beş kitab müəllifi və geniş dünyagörüşünə malik şəxsiyyət olan Arif Buzovnalı eyni zamanda mətbuatda müxtəlif mövzularda məqalələrlə çıxış edir. Bir çox ədəbi məclislərin üzvü olan Arif Buzovnalı əruz vəzninin Azərbaycanda işlədilən bütün bəhrlərində gözəl şer nümunələri yaratmaqla bərabər, heca və sərbəst vəznlərdə də uğurla qələmini sınamışdır. 
Tədbiri açan “Aydınlığa doğru” İctimai Birliyinin sədri Solmaz Əmirli qonaqları salamladı və görüşü aparmaq üçün sözü birliyin nəzdində fəaliyyət göstərən ADTV-nin redaktoru, tele-jurnalist Lalə Əliyevaya verdi. “Aydınlığa doğru”nun fəaliyyəti barədə məlumatı maraqla dinləyən və daha sonra sözə başlayan Arif Buzovnalı öncə Azərbaycan Yazıçılar Birliyinin Abşeron bölməsinin fəaliyyətindən söz açdı. 
Müasir həyatımızın təlatümü içərisində fitrəti pozulmamış insan kimi qala biməyin vacibliyindən danışan qəzəlxan şair sözlərinə: “Dünyada hər kəsin bir qazancı var. Ən yaxşı qazanc isə ətrafında səni başa düşən, anlayan insanların olmasıdır. Ən gözəl qazanc insan qazanmaqdır”- deyə davam etdi. Eləcə də ailənin əhəmiyyətinə və ailə dəyərlərinin qorunmasına diqqət çəkən şair cəmiyyətdə ailə institutu pozulduqca insanların tənhalaşdığını, uğurlu ailələrin təməlində isə ümid, güvən və mərhəmətin durdunu söylədi. 
 Şairin öz ifasında gözəl qəzəl və şerlər dinləyən rejissorlar Mahir Dərviş, Əbdül Əliyev, Elçin Elxanlı, Rövşən Ağayev, həkim-psixoterapevt Əli Nağıyev, yazıçı-rəssam Gülnarə Mahmud və başqaları çay süfrəsi arxasında olduqca səmimi, maraqlı söhbətin iştirakçısı oldular. 

“Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması 
İctimai Birliyinin mətbuat xidməti

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB